Vətən müharibəsi şəhidi Zülfüqarlı Zeynal Alim oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində şəhid olan Azərbyacan Ordusunun giziri Zülfüqarlı Zeynal Alim oğlunun doğum günü münasibətilə şəhidin xatirəsi hörmət və ehtiramla yad edilib. Tədbirdə iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, şəhid Zülfüqarlı Zeynalın məzarı üzərinə tər gül dəstələri düzüblər. Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elvin Balayev şəhidin məzarı önündə çıxış edərək, ailəsinə başsağlığı verib, onlara səbir, dözüm arzulayıb və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Tarixi Qələbənin əldə olunmasında canından keçən bütün şəhidlərimizin daim xatirələrdə yaşayacağını, onların ailələrinə hər zaman hörmət və ehtiram göstəriləcəyini qeyd edib. Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, şəhid Zülfüqarlı Zeynalın şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, ailəsi ilə yanaşı bütün xalqımızın Şirvanın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyini vurğulayıb. Vətən uğrunda canından keçən bütün şəhidlərimiz kimi, kiçik gizir Zülfüqarlı Zeynalın da döyüşlərdə göstərdiyi şücaətin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Sonra çıxış edənlər şəhidin ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələrindən danışaraq, şəhid adının müqəddəsliyindən və ucalığından söz açıblar. Azərbaycan xalqının hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərdiyini və xatirəsini uca tutduğunu qeyd ediblər. Tədbirin sonunda şəhidin yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!