Vətən müharibəsində şəhadətə yüksələn Şirvan şəhərinin qəhrəman oğullarından biri Nicat Ziyafət oğlu Hüseynovun doğum günü münasibətilə xatirəsi anılıb.
Tədbirdə iştirak edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin və şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, şəhid Hüseynov Nicatın məzarı üzərinə tər gül dəstələri düzüblər. Çıxış edənlər canını Vətənə qurban verməkdən çəkinməyən belə qəhrəman oğul böyütdüyü üçün Nicatın anası Zümrüd xanıma minnətdarlığını bildirib, Allahdan şəhidlərimizə rəhmət, şəhid analarına səbir arzulayıblar. Müzəffər Ali Baş Komandanın qətiyyəti, əzmi, milli ruhu, yüksək idarəçilik dəyərləri və rəhbərliyi ilə Azərbaycan ordusunun tariximizin ən şanlı qələbəsini qazandığını qeyd ediblər. Nicatın və bütün şəhidlərimizin hər zaman qəlblərdə yaşayacağını, onların ailələrinin dövlətə əmanət olduğunu diqqətə çatdırıblar. Şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək onunla hər bir azərbaycanlının qürur duyduğunu bildiriblər. Tədbirin sonunda şəhidin yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Allah rəhmət eləsin! Ruhu şad olsun!