Vətən müharibəsinin ilk şirvanlı şəhidi Asif Qəribovun doğum günü qeyd edilib.
10 sentyabr 2000-ci ildə Şirvan şəhərinin qəhrəman oğullarından biri Qəribov Asif Səxavət oğlu dünyaya göz açıb. Şərəfli və qəhrəmanlıq dolu bir ömür yaşayan şəhid Asif Qəribovun 22 yaşı bu gün Şirvan ictimaiyyətinin iştirakı ilə geniş qeyd olunub. Bu münasibətlə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, şəhid Asif Qəribovun məzarı üzərinə tər gül dəstələri düzüblər. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib, onlara səbir, dözüm arzulayıb və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Nə qədər müasir texnologiyadan və xüsusi hərbi strategiyadan istifadə olunsa da, ölkə başçısının sözlərinə istinadən, qazanılan Qələbənin Azərbaycan əsgər və zabitinin qüdrətinin göstəricisi olduğunu bildirib. Qələbəyə gedən yolda ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın diplomatik danışıqlarda haqq savaşımızı dünyaya tanıtmasından, beynəlxalq forumlardan, müharibə dövründə dövlət başçısının dünyanın nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrdən bəhs edib. Azad olunmuş rayon və kəndlərin müjdəli xəbərlərinin hər bir vətəndaşımızı sevindirdiyi və qürurlandırdığı kimi, şəhid xəbərlərinin kədərləndirdiyini və dərindən sarsıtdığını xatırladıb. Tarixi Qələbənin əldə olunmasında canından keçən bütün şəhidlərimizin daim xatirələrdə yaşayacağını, onların ailələrinə hər zaman hörmət və ehtiram göstəriləcəyini qeyd edib. Şəhid Asif Qəribovun şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, ailəsi ilə yanaşı bütün xalqımızın Şirvanın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyini vurğulayıb. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin döyüşlərdə göstərdikləri şücaətin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyni, ölkə başçısının sərəncamları ilə orden və medallarla təltif edildiyini diqqətə çatdırıb. Şirvanın 5 Vətən müharibəsi şəhidinin adının küçələrə verildiyini, Şirvan şəhər Şəhidlər xiyabanında əsaslı təmir işlərinin ardıcıl şəkildə davam etdirildiyini, Vətən müharibəsi şəhidlərindən sonra, Birinci Qarabağ müharibəsi şəhidlərininin də məzarlarının üstünün qara mərmərdən götürülməsi zərurətinin yarandığını, hazırda bu istiqamətdə işlərin davam etdiyini bildirib. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Vətən müharibəsinin şəhidi Zeynal Zülfüqarlının atası Alim Zülfüqarlı tariximizə qızıl hərflərlə yazılan 44 günlük müharibədən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Allah dərgahında şəhidlərə verilən yüksək məqamdan, ölkə başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar. Sonra şəhər məscidinin imamı şəhidlərin ruhuna dualar oxuyub. Tədbir “Şirvan Gənclər Evi” SXM-də davam edib. Gənclər Evinin direktoru Əfqan Həsənov tədbiri giriş sözü ilə açdıqdan sonra şəhid Asif Qəribovun xatirəsinə həsr olunmuş təqdimat videosu nümayiş olunub. Anım tədbirində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək, şəhərimizin müxtəlif küçələrinə, ən qabaqcıl məktəblərinin siniflərinə şəhidlərimizin adının verilməsinin, xatirə guşələrinin, “Zəfər” abidəsinin yüksəldilməsinin şəhidlərimizə qarşı olan böyük hörmət və ehtiramın göstəricisi olduğunu bildirib. Din xadimi Hacı Bəxtiyar Əzəmi, şəhidimizin təhsil aldığı M.B.İsrailov adına 18 saylı təbiət, humanitar təmayüllü məktəb-liseyin direktoru İsmayıl Yusubov, müəllimləri Asif haqqında xoş xatirələrini bölüşüblər. Asifin məktəb illərində öz yaşıdlarından əxlaqı, mədəni davranışları, düşüncələri ilə seçildiyini vurğulayıblar. Məktəbin müəllimi, şair İbrahim Həssas şəhid Asif Qəribova həsr etdiyi şeiri səsləndirib. Sonda məktəblilər vətənpərvərlik mövzusunda bədii kompazisiya ilə çıxış ediblər. Tədbir şəhidin xatirəsinə həsr olunmuş ehsan süfrəsi ilə başa çatıb.
Mətbuat xidməti