Vətən müharibəsinin şəhidi Amal Alışanlının doğum günü münasibətilə xatirə tədbiri keçirilib.
11 fevral 2023 | 12:41
11 fevral 2023-cü il tarixdə Vətən müharibəsinin şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Alışanlı Amal Seyfəddin oğlunun doğum günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyəti aparatının, YAP Şirvan şəhər təşkilatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri şəhidin xatirə guşəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Əhmədov, Din xadimi Hacı Vasif şəhid Alışanlı Amalın xatirə lövhəsinin önündə çıxış edərək, şanlı Zəfər tariximizi yazan, xalqımıza qalibiyyət sevincini yaşadan bütün əsgər və zabitlərimiz kimi Amalın da ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar. Vətən müharibəsində Şirvan şəhər sakinlərinin də fəal iştirak etdiyini, yüzlərlə gəncin könüllü olaraq səfərbərliyə qoşulduğunu, 23 nəfərin döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldıqlarını xatırladıblar. Şəhidin valideynlərinə Vətənimiz üçün ləyaqətli və qəhrəman övlad böyütdüklərinə görə təşəkkür edib və Allahdan onlara səbir diləyiblər. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən söz açıblar. 06.02.2023-cü il yarixdə Türkiyə Respublikasının bir neçə şəhərində baş verən dəhşətli zəlzələdə dağıntılar altında qalaraq vəfat edən insanlara Allahdan rəhmət diləyiblər. Qardaş ölkədə baş verən təbii fəlakətin yaratmış olduğu bu ağır faicədə Azərbaycanın hər zaman Türkiyənin yanında olacağını qeyd ediblər.
Şəhidin atası Seyfəddin Alışanov və anası Reyhanə xanım ağır itki olsa da övladları ilə qürur duyduqlarını bildiriblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadı ediblər.
Tədbirdə Məftun Osmanov adına 20 saylı məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət edib, onların ruhlarına dualar oxuyub, Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, şəhid Alışanlı Amal ailəsinin istəyi ilə Yardımlı rayon Qabaqdibi kənd qəbirstanlığında dəfn olunsa da, Şirvan şəhər Şəhidlər Xiyabanının qarşısında mütəmadi ziyarət olunması üçün xatirə guşəsi yaradılıb. Dövlət başçısının müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə”, "İgidliyə görə", “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Şirvan şəhərində yerləşən küçələrdən birinə şəhid Amal Alışanlı adı verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti