Vətən müharibəsinin şəhidi Asif Qəribovun anım günü ərəfəsində ailəsi ziyarət olunub.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Asif Səxavət oğlu Qəribovun anım günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birlikdə şəhidin ailəsini ziyarət edib. Ziyarət zamanı Şəhər İcra Hakimiyyətinin başçısı şəhidin anası Mərmər Qəribovaya və əzizlərinə başsağlığı verərək, Asif kimi qəhrəman, vətənpərvər, mərd övlad yetişdirdiyi üçün təşəkkürünü bildirib. Onun əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağını qeyd edib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının ölkənin bütün bölgələrində olduğu kimi Şirvan şəhərində mütəmadi davam etdirildiyini vurğulayıb. Görüş zamanı Asif Qəribovun keçdiyi şücaətli döyüş yolundan, xatirələrindən söhbət açılıb. Onun döyüşlərdə göstərdiyi şəxsi igidliyin və şücaətin dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildiyi qeyd olunub. Şəhidin anası onlara göstərilən həssas münasibətə, maddi və mənəvi köməyə görə ölkə başçısı, cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Allah bütün şəhidlərimizə rəhmət etsin!
Mətbuat xidməti