Vətən müharibəsinin şəhidi Cavid Natiq oğlu Məmmədlinin anım günü qeyd edilib.
4 oktyabr 2022-ci il tarixdə Vətən müharibəsinin şəhidi Cavid Natiq oğlu Məmmədlinin anım günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək Cavid Natiq oğlu Məmmədlinin ailəsinə başsağlığı verib, Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə valideynlərinə təşəkkür edib və Allahdan onlara səbir diləyib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Dünyanın 50 ən güclü ordusu sırasında qərarlaşan Azərbaycan Ordusunun müasir texnika ilə təchizatından, müntəzəm olaraq keçirilmiş təlimlərdən, ordumuzun döyüş potensialının gücləndirilməsindən, hərbi sənayenin yaradılmasından, ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Prezident-ordu-xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyini, haqq-ədalətin bərpa olunduğunu, Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığını bildirib. Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmasından qürur duyduğunu vurğulayıb. Vətən uğrunda ən şirin nemət olan canını fəda etməklə ən uca zirvəyə yüksələn Cavidin və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların xatirəsinin qədirbilən xalqımız tərəfindən unudulmayacağını söyləyib. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlərdən bəhs edib. Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib. Sonra Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif çıxış edərək, şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyiblər. Şəhid adının ucalığından, müqəddəsliyindən danışıblar. Şəhidlərin nümayiş etdirdikləri şücaətin və mərdliyin gələcək nəsillərin vətənpərvər yetişməsindəki əhəmiyyətini xüsusi vurğulayıblar. Daha sonra tədbir iştirakçıları şəhidlərin ruhuna dualar oxuyublar. Anım tədbirindən sonra şəhid Cavid Məmmədlinin xatirəsinə ehsan süfrəsi təşkil edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti