Vətən müharibəsinin şəhidi Elvin Şıxəliyevin doğum günündə xatirəsi anılıb.
06 iyun 2022 | 14:43
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin doğum və anım günlərində məzarlarının ziyarət olunması, ailələrinə diqqət və qayğı göstərilməsi ənənə halını alıb.
6 iyun 2022-ci il tarixdə Vətən müharibəsində şəhadətə yüksələn Şirvan şəhərinin qəhrəman oğullarından biri Elvin Sarvan oğlu Şıxəliyevin doğum günü anadan olduğu, böyüyüb boya-başa çatdığı Şirvan şəhərində qeyd olunub.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Məharət Mustafayev, Orxan İbrahimov, Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhid ailələri, şəhidin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, şəhid Elvin Şıxəlievin məzarı üzərinə tər gül dəstələri düzüblər.
Şəhidin məzarı önündə çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov canını Vətənə qurban verməkdən çəkinməyən belə bir qəhrəman oğul böyütdüyü üçün Elvinin atası Sarvan Şıxəliyevə minnətdarlığını bildirib, Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyib. Dövlət başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətindən, xarici ölkələrdə keçirilən tədbirlərdən, humanitar forumlardan bəhs edib. Bütün bunların 30 ildən sonra Qarabağın işğaldan azad edilməsində dünya ölkələrinin mövqeyinin dövlətimizin xeyrinə necə dəyişməsindən söz açıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, əsgər və zabitlərimizin şücaətindən, Türkiyə dövlətinin Azərbaycana dəstəyindən danışıb. 26-29 may tarixlərində Bakıda keçirlən “TEKNOFEST Azərbaycan” festivalının Türkiyə-Azərbaycan birliyinin növbəti nümayişi, təzahürü olduğunu bildirib. Dövlət başçısı cənab İlham Əlievin Zirvə görüşündəki çıxışından bəhs edərək, Zəngəzur dəhlizinin türk dünyasının birləşəməsində və iqtisadi əlaqələrin güclənməsindəki rolundan danışıb. Lakin nə qədər müasir texnologiyadan və xüsusi hərbi strategiyadan istifadə olunsa da, ölkə başçısının sözlərinə istinadən, qazanılan Qələbənin Azərbaycan əsgər və zabitinin qüdrətinin göstəricisi olduğunu bildirib. Vətən uğrunda canından keçən bütün şəhidlərimiz kimi, Elvinin də döyüşlərdə göstərdiyi şücaətin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyni, ölkə başçısının sərəncamı ilə bir neçə medalla təltif edildiyini vurğulayıb. Ordenlə təltif edilən 5 şəhidimizin adının bu yaxınlarda Şirvan şəhərinin küçələrinə verilməsini, Vətən müharibəsi şəhidlərinin hər birinin adına sinif otaqlarının yaranmasını, onların doğum və anım günlərinin şəhər ictimaiyyəti tərəfindən qeyd edilməsini şəhidlərimizə göstərilən hörmət və ehtiramın bariz nümunəsi olduğunu bildirib. Şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərin şəhidlərin gələcək nəsillərə tanıdılması ilə bərabər həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edib. Elvinin və bütün şəhidlərimizin hər zaman xalqımızın qəlbində yaşayacağını, onların ailələrinin dövlətə əmanət olduğunu diqqətə çatdırıb.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, xalqımıza bəxş etdikləri qələbənin yaratdığı qürur hissinə görə şəhidlərimizə borclu olduğumuzu söyləyib. Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğu” ətrafında birləşən vətən oğullarının göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrinin hər bir Azərbaycan vətəndaşında müstəqilliyimizin əbədiyinə, dövlətimizin sarsılmazlığına, vətənimizin bütövlüyünə əminlik yaratdığını bildirib.
Şəhidin atası Sarvan Şıxəliyev Elvin haqqında böyük kədərlə söz açaraq, övladı ilə fəxr etdiyini, belə tədbirlərin keçirilməsinin şəhid ailələrinə mənəvi dəstək olduğunu bildirib. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.
Sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev və Hacı Vasif vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!
Mətbuat xidməti