Vətən müharibəsinin şəhidi Elvin Şıxəliyevin şəhadətinin ikinci ildönümündə xatirəsi anılıb.
14 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birlikdə Vətən müharibəsinin şəhidi Elvin Şıxəliyevin anım günü münasibətilə məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin atası Sarvan Şıxəliyevə Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ona səbir diləyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açaraq, döyüşlərdə şücaət göstərmiş Elvin kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. Dövlət başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan, xarici ölkələrdə keçirilən tədbirlərdən, humanitar forumlardan bəhs edib. 30 ildən sonra Qarabağın işğaldan azad edilməsində dünya ölkələrinin mövqeyinin dövlətimizin xeyrinə necə dəyişməsindən söz açıb. Nə qədər müasir texnologiyadan və xüsusi hərbi strategiyadan istifadə olunsa da, ölkə başçısının sözlərinə istinadən, qazanılan Qələbənin Azərbaycan əsgər və zabitinin qüdrətinin göstəricisi olduğunu bildirib. Vətən uğrunda canından keçən bütün şəhidlərimiz kimi, Elvinin də döyüşlərdə göstərdiyi şücaətin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyni, ölkə başçısının sərəncamı ilə bir neçə medalla təltif edildiyini vurğulayıb. Şirvan şəhər ictimaiyyəti tərəfindən şəhidlərinin doğum və anım günlərində məzarlarının ziyarət olunmasının onlara göstərilən hörmət və ehtiramın bariz nümunəsi olduğunu bildirib. Şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərin şəhidlərin gələcək nəsillərə tanıdılması ilə bərabər həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edib. Elvinin və bütün şəhidlərimizin hər zaman xalqımızın qəlbində yaşayacağını, onların ailələrinin dövlətə əmanət olduğunu diqqətə çatdırıb. YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Elvin Şıxəliyevin qısa, lakin şərəfli həyatı, şanlı döyüş yolu haqqında danışıb. Onun taqım komandirinin müavini kimi verilən tapşırıqları vicdanla yerinə yetirdiyini, əfsanəvi qəhrəmanlıqlar nümayiş etdirdiyini bildirib. Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğu” nda birləşən vətən oğullarının göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrinin hər bir Azərbaycan vətəndaşında müstəqilliyimizin əbədiyinə, dövlətimizin sarsılmazlığına, vətənimizin bütövlüyünə əminlik yaratdığını bildirib. Din xadimi Hacı Vasif İslam dinində şəhidlərə ihsan edilən üstünlüklərdən, şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, xalqımıza bəxş etdikləri qələbənin yaratdığı qürur hissinə görə onlara borclu olduğumuzu söyləyib. Şəhidin atası Sarvan Şıxəliyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti