Vətən müharibəsinin şəhidi Həsən Rəhim oğlu Həsənovun doğum günündə məzarı ziyarət olunub.
1 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olan, Azərbaycan Ordusunun çavuşu Həsən Rəhim oğlu Həsənovun doğum günündə məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar. Şəhidin əziz xatirəsi anılıb, ruhuna dualar oxunub. Şəhidin məzarı önündə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin valideynlərinə belə qəhrəman, igid oğul böyütdükləri üçün minnətdarlıq edib və onlara səbir diləyib. Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını fəda edən, qorxmadan ölümə gedən cəsur vətən övladlarımızın xatirəsinin hər zaman əziz tutulacağını bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, əsgər və zabitlərimizin şücaətindən danışıb. Nə qədər müasir texnologiyadan və xüsusi hərbi strategiyadan istifadə olunsa da ölkə başçısının sözlərinə istinadən, qazanılan Qələbənin Azərbaycan əsgər və zabitinin qüdrətinin göstəricisi olduğunu bildirib. Vətən uğrunda canından keçən bütün şəhidlərimiz kimi Həsənin də döyüşlərdə göstərdiyi şücaətin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, ölkə başçısının sərəncamı ilə bir neçə medalla təltif edildiyini vurğulayıb. Şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərin şəhidlərin gələcək nəsillərə tanıdılması ilə bərabər həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edib. Şəhid Həsən Həsənovun və bütün şəhidlərimizin hər zaman xalqımızın qəlbində yaşayacağını, onların ailələrinin dövlətə əmanət olduğunu diqqətə çatdırıb. Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub. Sonra “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində şəhid Həsən Həsənovun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Vətənimizin müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Gənclər Evinin direktoru Əfqan Həsənov şəhidlərin xatirəsinə həsr olunmuş Gənclər Evi tərəfindən təşkil olunan tədbirlər və layihələr haqqında danışıb. Şirvan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova bir daha şəhid ailələrinə İcra Hakimiyyəti adından başsağlığı verib, belə cəsur, vətənpərvər övlad yetişdirdikləri üçün valideynlərinə təşəkkür edib. 30 ildə işğal altında olan torpaqların 44 gün ərzində azad olunduğu, Azərbaycan xalqının öz doğma torpaqlarına qovuşduğu üçün hər bir azərbaycanlının qürur hissi keçirdiyini bildirib. Şəhidlərimizin ruhunun hər zaman uca tutulacağını, ehtiramla yad olunacağını qeyd edib. Din xadimi Hacı Vasif, 2 Nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva, Həsənin müəllimləri və digər çıxış edənlər Həsən haqqında xatirələrini bölüşüblər, şəhidlik məqamının müqəddəsliyindən danışıblar. Şəhidin təhsil aldığı 2 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda bədii kompazisiya ilə çıxış ediblər. Doğum günü tədbirində Gənclər Evi tərəfindən şəhid Həsən Həsənov haqqında hazırlanmış təqdimat videosu nümayiş olunub. Tədbirindən sonra şəhid Həsən Həsənovun adına ehsan süfrəsi təşkil edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti