Vətən müharibəsinin şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun anım günü qeyd olunub.
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Şəhriyyar Əkbər oğlu İsmayılzadənin şəhadətə yüksəlməsinin ikinci ildönümü qeyd olunub. 10 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birlikdə Vətən müharibəsinin şəhidi Şəhriyar Əkbər oğlu İsmayılzadənin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 44 günlük Vətən müharibəsinin şərəfli məqamlarından və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açıb. Bir neçə gün əvvəl noyabrın 8-də Zəfər Gününün təntənə ilə qeyd edilməsində qəhrəman əsgər və zabitlərimizə, şəhidlərimizə borclu olduğumuzu vurğulayıb. Zəfər abidəsinin arxasında ötən il hər bir şəhid anasının öz övladının adına əkdiyi ağacın rəmzi mənası olduğunu qeyd edib. Həm onların xatirəsini əbədiləşdirmək, həm də Zəfərimizin arxasında şəhidlərimizin dayandığını simvolizə etmək məqsədi daşıdıdığını bildirib. Onların əbədi ehtirama layiq olduğunu bildirərək Şəhriyar İsmayılzadənin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edib və Allahdan ailəsinə səbir diləyib. Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə hər birimizin qürur duyduğunu söyləyib. Şəhiriyarın və bütün şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını, hörmət və ehtiramla xatırlanacağını vurğulayıb. Onların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını bildirib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlət səviyyəsində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Ölkə başçısının Zəfər Günü ərəfəsində imzaladığı sərəncamla Şəhriyar İsmayılzadənin 3-cü dərəcəli “Vətənə xidmətə görə" ordeni ilə təltif olunmasının şəhidlərin xatirəsinə ehtiramın bariz nümunəsi olduğunu bildirib. Şəhid adlarının əbədiləşdirilməsi, ailələrinin diqqət və qayğı ilə əhatə olunması sahəsində Şirvan şəhərində görülən işlərdən danışıb. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində məzarlarının izdihamla ziyarət olunduğunu bildirb. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Şəhidin məzarı başında çıxış edən Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Şəhriyar İsmayılzadənin həyat yolundan və döyüşlərdəki şücaətindən danışıblar. Şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Şəhriyarın xatirəsinin daim əziz tutulacağını bildiriblər. Sonra 12 nömrəli tam orta məktəbin şagirdləri vətənə, şəhidlərə, şəhid atasına və anasına həsr olunmuş şeirlər səsləndiriblər. Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti