Vətən müharibəsinin şəhidi, leytenant Bağırov Süleyman Loğman oğlunun doğum günü qeyd edilib.
25 yanvar 2023 | 18:02
Şirvan şəhərində şəhidlərimizin doğum və anım günlərində məzarlarının ziyarət olunması ənənəyə çevrilib. 25 yanvar 2023-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi Bağırov Süleyman Loğman oğlunun doğum günü qeyd edilib.
Bu münasibətlə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə Şirvan şəhər Şəhidlər Xiyabanında Süleyman Bağırovun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Dövlətimizin və xalqımızın iftixarına çevrilən 44 günlük Vətən müharibəsindən söz açaraq torpaqlarımızın azad olunması ilə nəticələnən Şanlı Zəfərin varlığımızın, həmrəyliyimizin dünyaya nümayiş etdirdiyini qeyd edib. Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, azadlığı, ərazi bütövlüyü uğrunda ölümü gözə alan cəsur, şücaətli vətən oğullarının qəhrəmanlığından söhbət açıb. Böyük Qələbəni, Şanlı Zəfər yürüşünü xalqımıza yaşatmaq üçün şirin canlarından keçən qəhrəman şəhidlərimizin hər zaman dərin ehtirama layiq olduğunu vurğulayıb. Süleyman kimi igid, mərd oğullarımız sayəsində üçrəngli bayrağımızın ölkəmizin hər yerində qürurla dalğalandığını bildirib. Həm I, həm də II Qarabağ müharibəsi zamanı şirin canlarını fəda edərək Vətən torpağını qoruyan igidlərimizin qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacağını diqqətə çatdırıb. Qalib Ali Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə hər bir azərbaycanlının qürur duyduğunu söyləyib. Müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsindən, onların problemlərinin vaxtında həllinə nail olunmasından, Şirvanda da şəhid ailələri və qazilərə yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən bəhs edib. Şirvandan Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək şəhadətə qovuşan hər bir şəhidin ölümündən sonra dövlət başçısı tərəfindən müxtəlif medallarla təltif edildiyini, 9 Vətən müharibəsi şəhidinin ordenlə təltif edildiyini, onların adlarınının şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamkları ilə yaşadıqları küçələrə verildiyini diqqətə çatdırıb. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyib.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Azərbaycan Ordusunun leytenantı olan Süleyman Bağırov həyat yolundan danışıb, onun mərd, cəsarətli, vətənpərvər bir gənc olduğunu qeyd edib. Vaxtilə işlədiyi kollektivdə də böyük nüfuz qazandığını bildirib. Öz arzusu ilə hərbi xidmətə yazıldığını, hərbiçi peşəsinə ləyaqətlə xidmət etdiyini vurğulayıb. Süleymanın həyatının gənc nəslə nümunə olduğunu, onun haqqında mütəmadi tədbirlər keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra Şirvan şəhər 20 nömrəli tam orta məktəbin şagirdləri vətənpərlik mövzusunda şeirlər sələndiriblər.
Şəhidin ailə üzvləri şəhidlərin ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!
Mətbuat xidməti