Vətən müharibəsinin şəhidi Məharət Həsənovun şəhadətə qovuşmasından 2 il ötür
15 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birlikdə Vətən müharibəsinin şəhidi Məharət Həsənovun anım günü münasibətilə məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin anası Xurma Həsənovaya Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ona səbir diləyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açaraq, qələbədə payı olan Məharət kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. Şəhidlərin xatirəsinin hər zaman uca tutulacağını, hörmət və ehtiramla xatırlanacağını söyləyib. Qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində məzarları ziyarət olunur, onların ailələri daim diqqətdə saxlanılır. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlət səviyyəsində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Onların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını bildirib. Məharətin döyüşlərdə göstərdiyi şücaətin və fədakarlığın ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyini, ölümündən sonra bir neçə medalla təltif edildiyini diqqətə çatdırıb. Şəhidin dövlətə əmanət qalan yeganə övladının da atasının şərəfli adına layiq böyüməsini arzulayıb.
Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Vətən müharibəsinin şəhidi Zeynal Zülfüqarlının atası Alim Zülfüqarlı, din xadimi Hacı Vasif 44 günlük Vətən müharibəsinin müxtəlif məqamlarından bəhs ediblər. Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrinin hər bir Azərbaycan vətəndaşında müstəqilliyimizin əbədiyinə, dövlətimizin sarsılmazlığına, vətənimizin bütövlüyünə əminlik yaratdığını bildiriblər. Şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Məharət Həsənovun qısa, lakin şərəfli həyatı, şanlı döyüş yolu haqqında danışıblar.
Şəhidin anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti