Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Namiq Xəlilovun doğum günündə xatirəsi anılıb.

15 iyun 2022 | 17:34
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin doğum və anım günlərində məzarlarının ziyarət olunması, ailələrinə diqqət və qayğı göstərilməsi ənənə halını alıb.
15 iyun 2022-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsində şəhadətə yüksələn Şirvan şəhərinin qəhrəman oğullarından biri Namiq İlyas oğlu Xəlilovun doğum günü münasibətilə anım tədbiri keçirilib.
Şəhidimizin xatirəsinə həsr olunmuş tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə vətən oğullarının uyuduğu müqəddəs Şəhidlər Xiyabanı ziyarət edilib, şəhid Namiq Xəlilovun xatirəsinə ehtiram olaraq məzarı üzərinə tər çiçək dəstələri düzülüb.
Şəhidin məzarı önündə çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov canını Vətənə qurban verməkdən çəkinməyən belə bir qəhrəman oğul böyütdüyü üçün Namiqin atası İlyas Xəlilova minnətdarlığını bildirib, Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyib. Dövlət başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətindən, xarici ölkələrdə keçirilən tədbirlərdən, humanitar forumlardan bəhs edib. Bütün bunların 30 ildən sonra Qarabağın işğaldan azad edilməsində dünya ölkələrinin mövqeyinin dövlətimizin xeyrinə necə dəyişməsindən söz açıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, əsgər və zabitlərimizin şücaətindən danışıb. Nə qədər müasir texnologiyadan və xüsusi hərbi strategiyadan istifadə olunsa da, ölkə başçısının sözlərinə istinadən, qazanılan Qələbənin Azərbaycan əsgər və zabitinin qüdrətinin göstəricisi olduğunu bildirib. Vətən uğrunda canından keçən bütün şəhidlərimiz kimi, Namiqin də döyüşlərdə göstərdiyi şücaətin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyni, ölkə başçısının sərəncamları ilə bir neçə medalla və “Azərbaycan bayrağı” ordeni ilə təltif edildiyini vurğulayıb. Ordenlə təltif edilən 5 şəhidimizin adının bu yaxınlarda Şirvan şəhərinin küçələrinə verilməsini, Vətən müharibəsi şəhidlərinin hər birinin adına sinif otaqlarının yaranmasını, onların doğum və anım günlərinin şəhər ictimaiyyəti tərəfindən qeyd edilməsini şəhidlərimizə göstərilən hörmət və ehtiramın bariz nümunəsi olduğunu bildirib. Şəhidin doğum gününün Milli Qurtuluş Gününə təsadüf etdiyini qeyd edərək, torpaqlarımızın azad olunması ilə Ulu öndərin arzularının gerçəkləşdiyini, vətənimizin ərazi bütövlüyünün təmin olunduğunu, Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz olduğunu diqqətə çatdırıb.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, xalqımıza bəxş etdikləri qələbənin yaratdığı qürur hissinə görə şəhidlərimizə borclu olduğumuzu söyləyib. Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğu” ətrafında birləşən vətən oğullarının göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrinin hər bir Azərbaycan vətəndaşında müstəqilliyimizin əbədiyinə, dövlətimizin sarsılmazlığına, vətənimizin bütövlüyünə əminlik yaratdığını bildirib.
Şəhid Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarlı çıxış edərək şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərin şəhidlərin gələcək nəsillərə tanıdılması ilə bərabər həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edib. Namiqin, Zeynalın və bütün şəhidlərimizin hər zaman xalqımızın qəlbində yaşayacağına əmin olduğunu diqqətə çatdırıb.
Şəhidin atası İlyas Xəlilov Namiq haqqında böyük kədərlə söz açaraq, övladı ilə fəxr etdiyini, belə tədbirlərin keçirilməsinin şəhid ailələrinə mənəvi dəstək olduğunu bildirib. Onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!
 
Mətbuat xidməti
Keçidlər