Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Xəqani Məmmədovun xatirəsi yad edilib.

10 oktyabr 2022 | 18:07

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun erməni təxribatlarına və təcavüzünə qarşı Zəfər yürüşündə iştirak edən, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn igidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması Şirvan şəhərində ənənə halını alıb. Ənənənin davamı olaraq əslən Zəngilan rayonundan məcburi köçkün ailəsində dünyaya göz açan, Şirvan şəhərində doğulub boya-başa çatan Vətən müharibəsinin şəhidi Xəqani Füzuli oğlu Məmmədovun anım günü qeyd edilib.

10 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Xəqani Məmmədovun məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. 44 günluk Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın «Dəmir yumruğu» ətrafında birləşərək torpaqlarımızı işğaldan azad edən əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi şücaətdən söz açıb. Bu gün hər bir azərbaycanlının Ali Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla qürur duyduğunu söyləyib. 5 oktyabr tarixində Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunun əhəmiyyətindən danışaraq keçmiş məcburi köçkünlərin doğma yurdlarına tezliklə qayıtması üçün bütün imkanların səfərbər edilməsi və irimiqyaslı infrastruktur layihələrin icra olunması barədə ölkə baçısının Forumun açılış mərasimindəki çıxışından bəzi məqamları xatırladıb. Bütün məcburi köçkünlərimiz kimi zəngilanlıların da dədə-baba torpaqlarına geri qaydacaqlarını, Xəqani kimi oğulların şücaətinin gələcək nəsillərə örnək olacağını, onların heç vaxt unudulmayacağını qeyd edib. İşğaldan azad edilən ərazilərimiz abadlaşdıqca, üçrəngli bayrağımız dalğalandıqca şəhidlərimizin ruhunun şad olacağına inandığını bildirib. Ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısından bəhs edərək, yaralıların reabilitasiyası və sağalaraq yenidən cəmiyyətə inteqrasiyası üçün onların müasir tibb avadanlıqları ilə təmin olunmaları və dünyanın ən aparıcı tibb mərkəzlərində müalicə olunmaları üçün xüsusi diqqət göstərdiyini vurğulayıb. Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.

Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək, Azərbaycan xalqının hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduğunu bildiriblər. Xəqaninin qısa, lakin şərəfli ömrünün gələcək nəsillərin vətənpərvər tərbiyyəsində xüsusi əhəmiyyətini qeyd ediblər.

Sonra Birinci Qarabağ müharibəsinin şəhidləri Mamontov Oleq Nikolayeviçin anım günü, Xankişiyev Loğman Bala oğlunun doğum günü münasibətilə məzarları ziyarət olunub, şəhidlərin xatirəsinə ehtiram olaraq məzarının üzərinə gül dəstələri düzülüb.

Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Mətbuat xidməti

Keçidlər