Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Yusif Cəfərovun anım günü qeyd edilib.

04 noyabr 2022 | 16:04

4 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, döyüş yoldaşları və dostları ilə birlikdə Vətən müharibəsinin şəhidi Yusif Mübariz oğlu Cəfərovun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Yusif Cəfərovun anasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsinin şərəfli məqamlarından və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açıb. Həmin günlərdə yüzlərlə şirvanlı gəncin  vətənin müdafiəsi uğrunda döyüşə getmək üçün könüllü müraciət etdiklərini, hətta yüngül yaralananların sarğı qoyulduqdan sonra dərhal cəbhəyə qayıtmaq üçün israr etdiklərini xatırladıb. Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə hər birimizin qürur duyduğunu söyləyib. Yusif kimi qəhrəman oğulların xatirəsinin hər zaman uca tutulacağını, hörmət və ehtiramla xatırlanacağını vurğulayıb. Onların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını bildirib. Vətən müharibəsində olduğu kimi xalqımızın bundan sonra da ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərini, düşmənin qorxulu kabusuna çevrilən Dəmir yumruq kimi möhkəmlik, həmrəylik nümayiş etdirəcəklərini bildirib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlət səviyyəsində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Şəhid adlarının əbədiləşdirilməsi və ailələrinin diqqət və qayğı ilə əhatə olunması sahəsində Şirvan şəhərində görülən işlərdən danışıb. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində məzarlarının izdihamla ziyarət olunduğunu bildirb. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Şəhidin məzarı başında çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin sədrinin vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, şəhid Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarlı, din xadimi Hacı Vasif Yusif Cəfərovun həyat yolundan və döyüşlərdəki şüsacətindən danışıblar. Şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Yusifin xatirəsinin daim əziz tutulacağını bildiriblər.
Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub. Şəhidin anası Gülbəniz Cəfərova ağır itki olmasına baxmayaraq, övladının şərəfli ölümü, şəhidliyi ilə ailəsinə və xalqına başucalığı gətirdiyini qeyd edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə olkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Şəhidimiz Cəfərov Yusif Mübariz oğlu xidməti vəzifəsini şərəflə və şücaətlə yerinə yetirdiyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mətbuat xidməti

Keçidlər