Vətən müharibəsinin şəhidi Zülfüqarlı Zeynalın doğum günü ilə əlaqədar məzarı ziyarət olunub.
31 may 2022 | 11:20
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində şəhid olan Azərbyacan Ordusunun giziri Zülfüqarlı Zeynal Alim oğlunun doğum günü böyüyüb boya-başa çatdığı və dəfn edildiyi Şirvan şəhərində qeyd edilib. Bu gün cənnətdə 27-ci mövludunu qeyd edən şəhidin xatirəsi hörmət və ehtiramla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, şəhid Zülfüqarlı Zeynalın məzarı üzərinə tər gül dəstələri düzüblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib, onlara səbir, dözüm arzulayıb və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Nə qədər müasir texnologiyadan və xüsusi hərbi strategiyadan istifadə olunsa da, ölkə başçısının sözlərinə istinadən, qazanılan Qələbənin Azərbaycan əsgər və zabitinin qüdrətinin göstəricisi olduğunu bildirib. Müharibə ərəfəsində bir nəfər əsgərin belə döyüş meydanını tərk etməməsinin, silah-sursatla yanaşı, yaralı döyüş yoldaşlarını da çiynində daşımasının, dövlət-ordu-xalq birliyinin dünyanın aparıcı dövlətlərini və mətbuatını heyran qoyduğunu xatırladıb. Tarixi Qələbənin əldə olunmasında canından keçən bütün şəhidlərimizin daim xatirələrdə yaşayacağını, onların ailələrinə hər zaman hörmət və ehtiram göstəriləcəyini qeyd edib. Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, şəhid Zülfüqarlı Zeynalın şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, ailəsi ilə yanaşı bütün xalqımızın Şirvanın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyini vurğulayıb. Vətən uğrunda canından keçən bütün şəhidlərimiz kimi, kiçik gizir Zülfüqarlı Zeynalın da döyüşlərdə göstərdiyi şücaətin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyni, ölkə başçısının sərəncamları ilə 9 medal və 3-cü dərəcəli “Rəşadət” ordeni təltif edildiyini diqqətə çatdırıb. Bu yaxınlarda şəhid Zülfüqarlı Zeynalın yaşadığı küçəyə adının verilməsinin şəhid adlarının əbəidləşdirilməsi istiqamətində növbəti mühim addım olduğunu qeyd edib.
Tədbirin sonunda şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!
Mətbuat xidməti