Vətən müharibəsinin şəhidləri Elçin Əliyevin və Elnur Qarayevin ailələri ziyarət olunub.
15 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, mayor Aqşin Xancanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları Vətən müharibəsinin şəhidləri Elçin Ramil oğlu Əliyevin və Elnur Qalib oğlu Qarayevin anım günləri ərəfəsində ailələrini ziyarət ediblər. Şəhid ailələrinin evlərini ziyarət edərkən həm Elçin Əliyevin, həm də Elnur Qarayevin fotolarından və şəxsi əşyalarından ibarət xatirə güşələrinə baxış keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hər iki şəhidin ailəsinə başsağlığı verərək, vətənpərvər övladlar böyütdükləri üçün təşəkkür edib və onlara Allahdan səbir diləyib. Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağını, hörmət və ehtiramla xatırlanacaqlarını qeyd edib. 44 günlük Vətən müharibəsində düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsində qəhrəmanlıq göstərən igidlərimizdən və Şanlı Zəfərdən söz açıb. Şirvan şəhərinin qəhrəmanları Elçin və Elnurun döyüşlərdə göstərdikləri şəxsi igidlikdən və şücaətdən bəhs edib. Qələbəmizin təmin olunmasındakı fədakarlıqlarının dövlət başçısı tərəfindən ən yüksək səviyyədə dəyərləndirildiyini qeyd edib. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Ziyarət zamanı şəhidlərin ailə üzvləri övladları ilə bağlı xatirələrini bölüşüblər. Onların uşaqlıqdan necə vətənpərvər ruhda böyüdüklərini, vətənə şərəflə xidmət etdiklərini və onlarla qürur duyduqlarını bildiriblər. Şəhidlərin ailələri onlara göstərilən həssas münasibətə, diqqət və qayğıya görə ölkə başçısı, cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Allah bütün şəhidlərimizə rəhmət etsin!
Mətbuat xidməti