Vətən müharibəsinin şəhidləri Elvin Şıxəliyevin və Məharət Həsənovun ailələri ziyarət olunub.
13 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Məharət Mustafayev və Aynur Fərzəliyeva Vətən müharibəsinin şəhidləri Elvin Sarvan oğlu Şıxəliyevin və Məharət Ramil oğlu Həsənovun anım günləri ərəfəsində ailələrini ziyarət ediblər.
Ziyarət zamanı Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərin ailələrinə başsağlığı verərək, Vətənə ləyaqətlə xidmət edən vətənpərvər övladlar böyütdükləri üçün təşəkkür edib və onlara Allahdan səbir diləyib. Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulduğunu qeyd edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıqlardan və Şanlı Zəfərdən söz açıb. Şəhidlərimizin qanlarının yerdə qalmadığını, torpaqlarımızın işğaldan azad edildiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu, bütün bunlara görə qəhrəman əsgər və zabitlərimizə borclu olduğumuzu söyləyib. Xalqımızın qürur və iftixarı olan müqəddəs şəhidlərimizin adlarını əbədiləşdirilməsi istiqamətində dövlət tərəfindən görülmüş işlərdən danışıb. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının ölkənin bütün bölgələrində olduğu kimi Şirvan şəhərində mütəmadi davam etdirildiyini vurğulayıb.
Görüş zamanı şəhidlərimizin keçdikləri şücaətli döyüş yollarından, xatirələrindən söhbət açılıb. Onların döyüşlərdə göstərdiyi şəxsi igidliyin və şücaətin dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif edildikləri qeyd olunub.
Şəhidlərin ailələri onlara göstərilən həssas münasibətə, maddi və mənəvi köməyə görə ölkə başçısı, cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Mətbuat xidməti