Vətən müharibəsinin şəhidləri Namiq Xəlilovun, Zeynal Zülfüqarlının ailələri ziyarət olunub.
14 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Məharət Mustafayev və Aynur Fərzəliyeva Vətən müharibəsinin şəhidləri Namiq İlyas oğlu Xəlilovun və Zeynal Alim oğlu Zülfüqarlının anım günləri ərəfəsində ailələrini ziyarət ediblər. Şəhid ailələrinin evlərini ziyarət edərkən həm Namiq Xəlilovun, həm də Zeynal Zülfüqarlının fotolarından və şəxsi əşyalarından ibarət xatirə güşələrinə baxış keçirilib, ruhlarına dualar oxunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hər iki şəhidin ailələsinə başsağlığı verərək, Vətənə ləyaqətlə xidmət edən vətənpərvər övladlar böyütdükləri üçün təşəkkür edib və onlara Allahdan səbir diləyib. Şəhidlərin əziz xatirəsinin əbədiyyən xalqımızın yaddaşına həkk olunduğunu, həmişə hörmət və ehtiramla xatırlanacaqlarını qeyd edib. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərərək azad edən qəhrəmanlardan və Şanlı Zəfərdən söz açıb. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən gizir Namiq Xəlilovun və kiçik gizir Zeynal Zülfüqarlının döyüşlərdə göstərdikləri şəxsi igidlikdən və şücaətdən bəhs edib. Onların qələbəmizin təmin olunmasındakı fədakarlıqlarının dövlət başçısı tərəfindən ən yüksək səviyyədə dəyərləndirildiyini qeyd edib. Hər iki şəhidin bir orden və 9 medalla təltif edildiyini və adlarının Şirvan şəhərində yerləşən küçələrdən birinə verildiyni vurğulayıb. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də mütəmadi davam etdirildiyini vurğulayıb. Ziyarət zamanı şəhidlərin ailə üzvləri Namiq və Zeynalla bağlı xatirələrini bölüşüblər. Onların uşaqlıqdan necə vətənpərvər ruhda böyüdüklərini, öz arzuları ilə hərbiçi peşəsini seçdiklərini və onlarla qürur duyduqlarını bildiriblər. Şəhidlərin ailələri onlara göstərilən həssas münasibətə, maddi və mənəvi köməyə görə ölkə başçısı, cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Allah bütün şəhidlərimizə rəhmət etsin!
Mətbuat xidməti