Vətən müharibəsinin şəhidləri Röyal Məmmədovun və Kamran Fərəcovun ailələri ziyarət olunub.
24 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev Vətən müharibəsinin şəhidləri Röyal Misil oğlu Məmmədovun və Kamran İlqar oğlu Fərəcovun anım günləri ərəfəsində ailələrini ziyarət ediblər. Şəhid ailələrinin evlərini ziyarət edərkən həm Röyal Məmmədovun, həm də Kamran Fərəcovun fotolarından və şəxsi əşyalarından ibarət xatirə güşələrinə baxış keçirilib, ruhlarına dualar oxunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hər iki şəhidin ailələsinə başsağlığı verərək, Vətənə ləyaqətlə xidmət edən vətənpərvər övladlar böyütdükləri üçün təşəkkür edib və onlara Allahdan səbir diləyib. Şəhidlərin əziz xatirəsinin əbədi olaraq xalqımızın yaddaşına həkk olunduğunu, həmişə hörmət və ehtiramla xatırlanacaqlarını qeyd edib. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərərək azad edən qəhrəmanlardan və Şanlı Zəfərdən söz açıb. Şirvan şəhərinin qəhrəmanları Röyal və Kamranın döyüşlərdə göstərdikləri şəxsi igidlikdən və şücaətdən bəhs edib. Onların qələbəmizin təmin olunmasındakı fədakarlıqlarının dövlət başçısı tərəfindən ən yüksək səviyyədə dəyərləndirildiyini qeyd edib. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də mütəmadi davam etdirildiyini vurğulayıb. Ziyarət zamanı şəhidlərin ailə üzvləri Röyal və Kamranla bağlı xatirələrini bölüşüblər. Onların uşaqlıqdan necə vətənpərvər ruhda böyüdüklərini, vətənə şərəflə xidmət etdiklərini və onlarla qürur duyduqlarını bildiriblər. Şəhidlərin ailələri onlara göstərilən həssas münasibətə, maddi və mənəvi köməyə görə ölkə başçısı, cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Allah bütün şəhidlərimizə rəhmət etsin!
Mətbuat xidməti