Vətən müharibəsinin şəhidləri Süleyman Bağırovun və Əli Mənəflinin ailələri ziyarət olunub.
10 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, mayor Aqşin Xancanov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları ilə birlikdə Vətən müharibəsinin şəhidləri Süleyman Loğman oğlu Bağırovun və Əli Əflan oğlu Mənəflinin anım günləri ərəfəsində ailələrini ziyarət ediblər. Şəhid ailələrinin evlərini ziyarət edərkən həm Süleyman Bağırovun, həm də Əli Mənəflinin fotolarından və şəxsi əşyalarından ibarət xatirə güşələrinə baxış keçirilib, ruhlarına dualar oxunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hər iki şəhidin ailələsinə başsağlığı verərək, Vətənə ləyaqətlə xidmət edən vətənpərvər övladlar böyütdükləri üçün təşəkkür edib və onlara Allahdan səbir diləyib. Şəhidlərin əziz xatirəsinin əbədi olaraq xalqımızın yaddaşına həkk olunduğunu, həmişə hörmət və ehtiramla xatırlanacaqlarını qeyd edib. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərərək azad edən qəhrəmanlardan və Şanlı Zəfərdən söz açıb. Şirvan şəhərinin qəhrəmanları Süleyman və Əlinin döyüşlərdə göstərdikləri şəxsi igidlikdən və şücaətdən bəhs edib. Onların qələbəmizin təmin olunmasındakı fədakarlıqlarının dövlət başçısı tərəfindən ən yüksək səviyyədə dəyərləndirildiyini qeyd edib. Zəfər Günü münasibətilə ölkə başçısının sərəncamı ilə Şirvan şəhər Şəhidlər Xiyabanında uyuyan 4 şəhidimizin, o cümlədən Süleyman Loğman oğlu Bağırovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğunu bildirib. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də mütəmadi davam etdirildiyini vurğulayıb. Ziyarət zamanı şəhidlərin ailə üzvləri Süleyman və Əli ilə bağlı xatirələrini bölüşüblər. Onların uşaqlıqdan necə vətənpərvər ruhda böyüdüklərini, vətənə şərəflə xidmət etdiklərini və onlarla qürur duyduqlarını bildiriblər. Şəhidlərin ailələri onlara göstərilən həssas münasibətə, maddi və mənəvi köməyə görə ölkə başçısı, cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Allah bütün şəhidlərimizə rəhmət etsin!
Mətbuat xidməti