Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

21 iyul 2026 | 19:15

21 iyul 2026-cı il tarixində Şirvan şəhərində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov,ərazi partiya təşkilatı sədrləri, partiya fəalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Sonra Şirvan şəhər Şəhidlər xiyabanında Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

YAP Şirvan şəhər təşkilatında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məruzə ilə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov YAP Şirvan şəhər təşkilatının 33 illik fəaliyyəti haqqında məlumat verərək, eyni zamanda tarixi zərurətdən yaranmış, zamanın bütün sınaqlarından üzüağ çıxmış Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi mənalı və şərəfli yolundan ətraflı danışıb. Z.Qəhrəmanov YAP Şirvan şəhər təşkilatının yaranma tarixindən, mövcud vəziyyətindən, geniş bəhs edərək, tədbir iştirakçılarını ildönümü münasibətilə təbrik edib və onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzulayıb.

Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının təsis olunmasının 33 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov partiyanın yaranmasının müstəqil Azərbaycan tarixində mühüm siyasi hadisə olduğunu bildirib.

İlqar Abbasov qeyd edib ki, 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən ağır ictimai-siyasi vəziyyətdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçiliyin qorunması və Azərbaycanın gələcək inkişafı üçün tarixi zərurət idi.

Vurğulayıb ki, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı inkişaf yolu keçərək beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib və bu uğurlu siyasətin nəticələri Şirvan şəhərinin inkişafında da aydın şəkildə özünü göstərir.

Bildirib ki, Şirvan şəhərində həyata keçirilən "Yeniləşən Şirvan" 2024–2028-ci illər sosial-iqtisadi inkişaf Proqramı şəhərin yeni inkişaf mərhələsinin əsasını təşkil edir. Proqram çərçivəsində iqtisadiyyatın inkişafı, yeni istehsal sahələrinin yaradılması, məşğulluğun artırılması, infrastrukturun yenilənməsi və şəhər mühitinin müasirləşdirilməsi istiqamətində genişmiqyaslı layihələr icra olunur.

İlqar Abbasov qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi çərçivəsində Şirvanda abadlıq və quruculuq işləri daha da sürətlənib. Hazırda çoxmənzilli yaşayış binalarının əsaslı təmiri, küçə və prospektlərin yenilənməsi, park və ictimai məkanların abadlaşdırılması, eləcə də Kür çayı sahilində "Şirvan Bulvarı" layihəsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

            Sonda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının bütün üzvlərini təşkilatın yaranmasının 33-cü ildönümü münasibətilə təbrik edərək, onlara Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafı naminə fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günədək ölkəmizin ictimai-siyasi həyatında oynadığı müstəsna roldan geniş bəhs edib. Deputat bildirib ki, YAP yalnız bir siyasi partiya deyil, eyni zamanda müstəqil Azərbaycanın dövlətçilik sütunlarını möhkəmləndirən, xalqın inamına söykənən ümumxalq partiyasıdır. Vüqar Rəhimzadə partiyanın ölkə miqyasında həyata keçirdiyi böyük layihələrdən, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbələrdən və əldə olunan uğurlardan danışıb.

Natiq çıxışında qarşıda duran mühüm vəzifələrə də toxunaraq vurğulayıb ki, yeni dövrün tələblərinə uyğun olaraq partiya üzvlərinin, xüsusən də gənclərin üzərinə böyük məsuliyyət düşür. Ölkəmizin davamlı inkişafı, cəmiyyətin həmrəyliyinin daha da möhkəmləndirilməsi və dövlət maraqlarının hər zaman uca tutulması YAP-ın hər bir fəalının baş dəyəri olmalıdır.

Sonda deputat YAP Şirvan şəhər təşkilatının 33 illik fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın bütün üzvlərini və partiya fəallarını bu əlamətdar ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edib, onlara gələcək siyasi və ictimai fəaliyyətlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıb.

Daha sonra YAP Mərkəzi Aparatın məsul əməkdaşı Əli Axundov, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, şəhid anası Xuraman İsmayılova, partiya veteranlarından Yaqub Salmanov, ərazi partiya təşkilatının sədri Vüsalə Həsənova, partiyanın gənc üzvü Aişə Kərimova çıxış edərək, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz bir partiya olduğundan, ölkəmizin hər bir uğuruna töhfəsindən, partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, öz siyasi həmfikirlərini təbrik edib, onlara uğurlar arzulayıblar.

Tədbirdə partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim edilib, partiyanın ictimai-siyasi həyatında fərqlənən üzvləri Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunublar.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsindən sonra başa çatıb.

Keçidlər