Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının 30 illik yubileyi qeyd olunub.
01 avqust 2023-cü il tarixində Şirvan şəhərində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı Musa Quliyev, YAP Mərkəzi Aparatın məsul əməkdaşı Əli Axundov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ərazi partiya təşkilatı sədrləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Sonra tədbir iştirakçıları Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar. YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən söz açaraq, YAP Şirvan şəhər təşkilatının təsis edilməsindən danışıb. Tədbirdə Şirvan Şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivi konsert proqramı ilə çıxış edib. YAP Şirvan şəhər təşkilatının 30 illik yubileyinə həsr olunmuş tədbir Şirvan Şəhər Mədəniyyət Mərkəzində davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra YAP Şirvan şəhər təşkilatının 30 illik fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov YAP Şirvan şəhər təşkilatının 30 illik fəaliyyəti haqqında məlumat verərək, tarixi zərurətdən yaranmış, zamanın bütün sınaqlarından üzü ağ çıxmış Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi mənalı və şərəfli yolundan ətraflı danışıb. Z.Qəhrəmanov YAP Şirvan şəhər təşkilatının yaranma tarixindən, mövcud vəziyyətindən, partiyanın VII Qurultayından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsindən geniş bəhs edərək, tədbir iştirakçılarını yubiley münasibətilə təbrik edib və onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vurğulayıb ki, Ulu öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu. Bildirib ki, YAP Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi, sosial, həmçinin ictimai-siyasi həyatında həlledici rol oynayır. Qələbələr partiyası olan YAP zəngin və şərəfli inkişaf yoluna malikdir. İlqar Abbasov Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın memarı olan Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, bu gün Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan naliyyətlərindən geniş bəhs edərək, tədbir iştirakçılarını YAP Şirvan şəhər təşkilatının yaranmasının 30 illik yubileyi münasibətilə təbrik edib. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqlara 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi”nin xatirə hədiyyəsini təqdim edib. YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək bildirib ki, 30 il böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqımızın çox çətin duruma düşdüyü vaxtda, nicat yolunu Ulu öndər Heydər Əliyevdə görən ziyalılarımızın əvəzedilməz lider Heydər Əliyevə müraciəti əsasında qısa müddət ərzində monolit olmaqla öz sıralarını sağlam əqidəli üzvlərlə genişləndirərək ümumxalq partiyasına, uğur və zəfər partiyasına çevrilib. Sonra Milli Məclisin deputatı Musa Quliyev çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılması Ulu öndərin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biridir və partiyanın siyasi səhnəyə çıxması hər bir azərbaycanlının özünə güvənini qaytarıb. Bildirib ki, xalqımız öz gələcəyinə inamla baxmağa başladı, onu irəliyə aparan, böyük məqsədlər naminə səfərbər edə bilən siyasi təşkilata və onun elan etdiyi azərbaycançılıq ideologiyasına ürəkdən bağlandı, bu ideologiyanın Azərbaycanı nicat yoluna çıxara biləcək yeganə siyasi yol olduğunu qəbul etdi. Yeni Azərbaycan Partiyasının yaradılmasından bir neçə ay sonra xalqın təkidli tələbi ilə Ulu öndər ali hakimiyyətə qayıtdı. Musa Quliyev Yeni Azərbaycan Partiyası gənclərinin Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi sıx birləşərək Azərbaycanın tarixi Zəfərinin qazanılmasında mühüm rol oynadığını bildirib. Daha sonra YAP Mərkəzi Aparatın məsul əməkdaşı Əli Axundov, şəhid atası Alim Zülfüqarov, müharibə veteranı Elvin Abbasov, partiya veteranlarından Mehriban Əliyeva, gənc partiya üzvü Nuranə İsmiyeva çıxış edərək, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz bir partiya olduğundan, ölkəmizin hər bir uğuruna töhfəsindən, partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, öz siyasi həmfikirlərini təbrik edib, onlara uğurlar arzulayıblar. Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilib, yüksək siyasi fəallığı ilə seçilən bir qrup partiya üzvü Fəxri Fərmanlarla təltif olunub.