Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan tarixinin dönüş nöqtələrindən biridir.
Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar keçirilən tədbirdə Prezident cənab İlham Əliyev çıxış edib. Ölkə Prezidenti ilk öncə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini partiyanın yaranmasının 30 illiyi münasibətilə təbrik edib. Daha sonra YAP-ın yaranmasının Azərbaycan tarixinin dönüş nöqtələrindən biri kimi qiymətləndirib. Çünki,1992-ci ildə bir ildir ki, müstəqillik qazanan Azerbaycan çox ağır günlərdən keçirdi. Ölkənin görkəmli nümayəndələri çıxış yolunu yalnız Heydər Əliyev də görürdü. Buna görə də onlar Heydər Əliyevə müraciət etdilər və nəticədə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının təsis konfransı keçirildi. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Həmin dövrdə ölkə çox idarəolunmaz vəziyyətdə idi, əhali bəzən faciələrlə üzləşirdi. 1991-ci ildən başlanan Birinci Qarabağ müharibəsi vəziyyəti daha da pisləşdirmişdi. Mayda Şuşa və Laçının işğal olunması xalqımıza mənəvi cəhətdən də böyük zərbə vurdu. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi. Hər kəs yaxşı görürdü ki, əgər işlər belə davam etsə, Kəlbəcərin də işğalı qaçılmaz olacaqdır. Yəni, 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük hissəsi nəzarətimizdən çıxmışdı. Belə bir şəraitdə YAP bütün bu məsuliyyətləri öz üzərinə götürərək xalqımızı bu ağır günlərdən çıxmasına köməklik etmək istəyirdi. Partiyanın təsis konfransı 21 noyabr 1992- ci ildə keçirildi. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. 1993- cü il oktyabrın 3-də Heydər Əliyevin ölkə prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Azərbaycanda demokratik, hüquqi, sivil dövlət quruculuğu istiqamətində bəyanatların açıq şəkildə reallaşmasına başlanıldı. Yeni Azərbaycan Partiyasına inamın artmasına səbəb də məhz bu məqsədlərin kağızda qalmaması, əməli işdə özünü təsdiqləməsi oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması ilə müasir tipli siyasi sistemin, yeni siyasi mədəniyyətin əsası qoyuldu. Daxili və xarici siyasətin prinsiplərinə ehtiva edən mükəmməl milli inkişaf proqramı hazırlanıb həyata keçirildi. Xalq milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan azərbaycançılıq, milli birlik ideologiyası ətrafında birləşdi. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində mühüm tarixi nailiyyətlər əldə olundu. Prezident cənab İlham Əliyev öz çıxışında bildirib ki, son 19 ildə o da öz siyasətində daim Ulu Öndərin siyasi tövsiyələrini və tapşırıqlarını yerinə yetirməyə çalışıb. 2002-ci ildən bu dövrə qədər iqtisadiyyatımız 3 dəfə artmış, hətta bunun rekord həddə-130 mlrd dollara çatacağı gözlənilir: “uğurlu iqtisadi-maliyyə siyasətinin nəticəsində xarici dövlət borcu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu amil həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Ölkənin valyuta ehtiyatları xarici borcdan 8 dəfə çoxdur”. Daha sonra ordu quruculuğundan bəhs edən cənab İlham Əliyev bildirdi ki, Heydər Əliyevin vəsiyyəti ilə elə bir güclü ordu quruldu ki, bu ordu 44 gün ərzində torpaqları azad etdi, məğlubedilməz Ermənistan miflərini darmadağın etdi: “Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır”. Sonda İlham Əliyev bildirdi ki, artıq xalqımızın həyatında yeni bir dönəm başlayır. Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Bütün azərbaycanlılar başını dik tutub,çunki, biz müzəffər xalq,qalib dövlətik! Yeni Azərbaycan Partiyasının amalı qüdrətli Azərbaycan, müstəqillik, inkişaf, sosial rifahdır. Bu illər ərzində tarixi sınaqlardan, çətin dövrlərdən keçməklə əldə edilən nailiyyətlər Yeni Azərbaycan Partiyasının adıyla bağlıdır. Yeni Azərbaycan Partiyası Azərbaycanın uğurlu, parlaq gələcəyini təmin edə biləcək yeganə partiyadır. Bütün bunlar təsdiq edir ki, ölkə qarşısında duran vəzifələr Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə bundan sonra da uğurla Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə varislik ruhunda davam edəcək.
Ramil Tağıyev
Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbi PHŞ- nin direktoru