“Yeni Şirvan” Yaşayış Kompleksinin tikinti işləri sürətlə davam etdirilir.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Şirvan şəhərinin Naxçıvan küçəsində inşa edilən növbəti layihəsi olan “Yeni Şirvan” Yaşayış Kompleksinin ümumi sahəsi 8,11 hektar təşkil edir.
11 ədəd onikimərtəbəli və 14 ədəd doqquzmərtəbəli olmaqla 25 yaşayış binasından ibarət olan yaşayış kompleksinin inşası sürətlə və keyfiyyətlə davam etdirilir. Layihə üzrə 80 yerlik uşaq baxçasının, 10 ədəd doqquzmərtəbəli və 9 ədəd onikimərtəbəli yaşayış binasının 1-ci, 2-ci və 3-cü mərtəbəsinin, 3 ədəd doqquzmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbəsinin hörgü işləri davam etdirilmişdir. 4 ədəd doqquzmərtəbəli və 3 ədəd oniki mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin, 2 ədəd doqquzmərtəbəli yaşayış binasının 2-ci, 3-cü və 4-cü mərtəbəsinin suvaq işlərinə başlanmışdır.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 05.07.2024-cü il tarixində “MİDA” MMC tərəfindən aparılan tikinti işlərinin gedişinə baxış keçirib, təklif və tövsiyələrini verib.
Yaşayış kompleksində ümumilikdə 1264 mənzil olacaq ki, onlardan 32-nin studio tipli, 216-nın ikiotaqlı, 768-nin üçotaqlı, 248-nin dördotaqlı olması nəzərdə tutulur.
Studio tipli mənzillərin sahəsi təqribən 40,1 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 57,7 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi təqribən 72,8 – 76,7 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi təqribən 98,7 – 114,6 kvadratmetr təşkil edəcək.
Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.
Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik olmaqla 1 uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.