Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər Günü” ərəfəsində Şirvan Gənclər Evində şəhidlərə həsr olunmuş “Yarımçıq qalmış” adlı tamaşa nümayiş olunub.

04 noyabr 2022 | 18:10

Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin Vətən müharibəsinin ildönümü ilə əlaqədar təşkil etdiyi  "Vətən Müharibəsi Həftəsi"-nə "Yarımçıq Qalmış" tamaşası ilə bu gün yekun vurulub. 4 noyabr 2022-ci il tarixdə Şirvan Debat Klubu və "Rəşan" Teatr Klubunun birgə hazırladığı tamaşa izləyicilərə təqdim olunub. Tamaşanın nümayişində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, gənclər iştirak ediblər. Tamaşadan öncə ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Yefim Abramovun "Xəyalpərvər oğlanlar" pyesi əsasında səhnələşdirilən tamaşada Azərbaycan xalqının müxtəlif dövrlərdə qurban verdiyi şəhidlərinin bəzilərinin ruhlar aləmində qarşılaşmasından bəhs edilib. Tamaşaya verilmiş növbəti quruluşda ən yeni tariximizin şanlı səhifəsini qanları ilə yazan Vətən müharibəsi şəhidlərinin, onların yaxınlarının ümumiləşmiş obrazları canlandırılıb.  Azərbaycan-Türkiyə qardaşlığını, birlik və həmrəyliyini əks etdirmək üçün ssenariyə Çanaqqala şəhidini canlandıran obraz da əlavə olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi, üçrəngli bayrağımızın Şuşa şəhərində dalğalanması, Şanlı Zəfərin elan olunması nəticəsində bütün şəhid ruhlarının şad olması ilə tamaşa başa çatıb. Tamaşa sona çatdıqdan sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək tamaşa barədə öz təəsüratlarını bölüşüb və Vətən uğrunda candan keçməyin müqəddəs amal olduğunu, şəhidlərin ölməzliyini, onların xatirələrinin həmişə hörmət və ehtiramla yad ediləcəyini qeyd edib. Qarşıdan gələn “Zəfər Günü” münasibətilə tədbir iştirakçılarını və tamaşanın uğurlu nümayişi üçün gənc aktyorları təbrik edərək, müvəffəqiyyətlər arzulayıb.

 

 

Mətbuat xidməti

Keçidlər