Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü münasibətilə Şəhidlər Xiyabanı və Vətən müharibəsinin şəhidi İsmayılzadə Şəhriyarın ailəsi ziyarət olunub.

08 noyabr 2022 | 10:36

8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbirlərin davamı olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şura üzvləri, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər.  Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların məzarları üzərinə və Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidənin önünə gül-çiçək dəstələri düzərək onların xatirəsinə ehtiramlarını ifadə ediblər.
Sonra Şəhidlər Xiyabanında şəhid analarının şərəfinə ucalan “Şəhid Anası” memorial abidə kompleksi ziyarət olunub. Ziyarətdən sonra Şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov hüquq-mühafizə orqanlarının rəhbərləri və Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birlikdə Vətən müharibəsinin şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun anım günü ərəfəsində ailəsinə baş çəkib.Şəhriyar İsmayılzadənin fotolarından və şəxsi əşyalarından ibarət xatirə güşəsnə baxış keçirilib, ruhuna dualar oxunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailələsinə başsağlığı verərək, Vətənə ləyaqətlə xidmət edən vətənpərvər övlad böyütdükləri üçün təşəkkür edib və onlara Allahdan səbir diləyib. Şəhidlərin əziz xatirəsinin əbədi olaraq xalqımızın yaddaşına həkk olunduğunu, həmişə hörmət və ehtiramla xatırlanacaqlarını qeyd edib. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərərək azad edən qəhrəmanlardan və Şanlı Zəfərdən söz açıb. Şirvan şəhərinin qəhrəman oğlu Şəhriyarın döyüşlərdə göstərdiyi şəxsi igidlikdən və şücaətdən bəhs edib. Onların qələbəmizin təmin olunmasındakı fədakarlıqlarının dövlət başçısı tərəfindən ən yüksək səviyyədə dəyərləndirildiyini qeyd edib. Ölkə başçısının Zəfər Günü ərəfəsində imzaladığı sərəncamla Şəhriyar İsmayılzadənin 3-cü dərəcəli “Vətənə xidmətə görə"ordeni ilə təltif olunduğunu bildirib. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də mütəmadi davam etdirildiyini vurğulayıb.
Ziyarət zamanı şəhidin ailə üzvləri Şəhriyarla bağlı xatirələrini bölüşüblər. Onun uşaqlıqdan necə vətənpərvər ruhda böyüdüyünü, vətənə şərəflə xidmət etdiyini və onunla qürur duyduqlarını bildiriblər.İsmayılzadə Şəhriyarın ailəsi onlara göstərilən həssas münasibətə, mənəvi dəstəyə görə ölkə başçısı, cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!

Mətbuat xidməti

Keçidlər