Zəfər Günü münasibətilə Şəhidlər Xiyabanı ziyarət olunub.
08 noyabr 2022 | 18:00
8 Noyabr-Zəfər Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailələri ilə görüşərək onlara belə qəhrəman, cəsur, mərd oğullar böyütdükləri üçün təşəkkürünü və minnətdarlığını bildirib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını, illər keçsə də unudulmayacaqlarını vurğulayıb.
Sonra Şəhidlər Xiyabanında şəhid analarının şərəfinə ucalan “Şəhid Anası” memorial abidə kompleksi ziyarət olunub və qarşısında xatirə şəkli çəkilib.
Azərbaycanın bu gününə və gələcək yoluna daim işıq salan, Zəfər tariximizin unudulmaz qəhrəmanlarını bir daha dərin ehtiramla yad edir, şəhidlərimizin hər birinin ruhu qarşısında baş əyirik!
Mətbuat xidməti