Zərifə Əliyeva - sönməyən nur
Ömrünü böyük mənəvi ideallara həsr etmiş şəxsiyyətlər heç zaman unudulmur. O ideallar yaşadıqca həmin şəxsiyyətlər də yaşayır. Belə şəxsiyyətlərdən biri də Zərifə xanım Əliyeva olub. 1923-cü ilin aprelində - yaz günlərində dünyaya göz açan Zərifə xanım bütün həyatını qış tutmuş gözlərə günəş işığı bəxş etməyə- səhiyyə elminin inkişafına həsr edib. Zərifə xanımın yaşının erkən çağlarından şəxsiyyət kimi formalaşmasında böyüdüyü ailənin, sağlam düşüncə mühitinin mühüm rolu olub. Azərbaycanın o dövrdə yaşayıb – yaratmış bir çox tanınmış elm və mədəniyyət xadimləri Əziz Əliyevin yaxın dostları idilər, onun evində tez –tez qonaq olardılar. Cənab prezidentimiz İlham Əliyev anası haqqında xatirələrini bölüşərkən deyir: - “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı”. Hələ uşaq yaşlarından həkimliyin yolunu tutmuş istedadlı şagird Zərifə öz intelektual səviyyəsi, fitri istedadı, dərin zəkası geniş dünya görüşü, yüksək mədəni səviyyəsi ilə akademik Zərifə Əliyevaya qədər ucalmağı bacardı. Böyük elmi məktəb yaratmış alimlərdən biri oldu. Onun fədakar zəhməti sayəsində ərsəyə gəlmiş dərs vəsaitləri, dərsliklər, monoqrafiyalar bu gün də təkcə Azərbaycanda deyil, ümumən dünyada oftalmologiya elminin inkişafına xidmət edir. Zərifə xanım insanların yalnızca gözlərinə deyil, könüllərinə də nur çiləyərək neçə-neçə zülmət dünyalara ziya bəxş edib. “Yüksək əqidə” kitabında özünün də ifadə etdiyi kimi onun həyat amalını insanlara sevgi, onların xoşbəxt və sağlamlığı naminə fədakarlıqla pərvanəyə çevrilmək təşkil edib. Elmə sadəcə oxumaqla yiyələnməyən bölgə-bölgə gəzib məlumatlar toplayan Zərifə xanım həmçinin XX əsrdə geniş yayılmış traxoma infeksion xəstəliyi barədə araşdırmalarını, bilgilərini yerli həkimlərlə bölüşür, həkim-oftalmoloqlara məruzələr oxuyur. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. O həmçinin zavod və fabrikləri gəzir, Azərbaycanda görmə orqanının peşə patalogiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması təşəbbüsünü irəli sürür. Bütün bunlar onun peşəsinə vicdanı ilə bağlandığının bariz göstəricisidir. Akademik Zərifə Əliyeva həmkarlarına həmişə tövsiyyə edib ki, insana tibbi yardım göstərmək, sağlamlığı uğrunda mübarizə aparmaq həm də onu özünə qaytaran əsl humanist xidmətdir. Zərifə xanımın təbabət fəlsəsinin başlıca qayəsi insanı sağaltmaqla onu öz məninə qaytarmaq idi. Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. O SSRİ məkanında bu mükafata layiq görülən ilk qadın alim idi. O Əziz Əliyevin ocağında qazandığı sədaqət andını Heydər Əliyev kimi görkəmli dövlət xadiminin sədaqətli yoldaşı olmaqla bütün dünyanın gözü qarşısında isbat edib. Elmə verdiyi töhfələrlə yanaşı ailədə də öz missiyasından geri qalmayan Zərifə xanımı Ulu Öndər Heydər Əliyevin sözləri ilə daha səlis ifadə etmək olar: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Zərifə xanım bu gün Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirmiş dövlət rəhbərimiz cənab İlham Əliyevə bu torpağa, bu vətənə tükənməz sevgini aşılamış dəyərli anadır. Alimlərin, yaradıcı insanların dostu olmaqla yanaşı Zərifə Əliyeva öz xeyirxah əməlləri ilə həm də sıravi vətəndaşların himayədarı idi. Bu gün onun xeyirxahlıq əməllərinin davamını həmin ocağın gəlini olan Mehriban xanım Əliyevanın fəaliyyətində görürük. Ömrünün cəmi 62 baharını yaşamasına baxmayaraq Zərifə xanımın elmə verdiyi töhfələr oftalmologiya sahəsində daimi çiçəklənmə yaradıb. Onun yaratdığı elmi irs bu gün də Azərbaycanı dünyada tanıdır. Zərifə xanımın əziz xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman ehtiramla anılacaq. Zərifə xanım Əliyevlər ailəsinin xatirələrində mərəmətli, şəfqətli ana, əvəzolunmaz qadın, Azərbaycan xalqının yaddaşında isə oftalmologiya elminə böyük töhfələr vermiş dəyərli alim kimi daima yaşayacaq.
Nəsibə Məmmədova
Dövlət Arxivi Şirvan filialının direktoru