2023-cü ilin yanvar ayı ərzində şəhər sakinlərinin su təminatının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Şirvan şəhərində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. 2023-cü ilin yanvar ayı ərzində Şirvan Sukanal idarəsi tərəfindən Şirvan şəhərinin Fətəli Xan Xoyski küçəsində abonentlərin su təminatının yaxşılaşdırılması məqsədilə diametri 110 mm olan polietilen boru ilə 620 p/metr su xətti çəkilib, 62 ədəd mexaniki su sayğacı quraşdırılmaqla abonentlərə dayanıqlı içməli suyun verilişi təmin edilib. Şəhərin 1 May küçəsində “Deman” yaşayış massivi ilə “Köhnə şəhər” yaşayış massivinin bir neçə küçəsinin su təminatını əlaqələndirici polad borudan ibarət diametri 400 mm olan su xəttinin istismara yararsız 400 p/metr hissəsinin diametri 280 mm-lik polietilen boru ilə yenilənməsi istiqamətində Şirvan Sukanal İdarəsi tərəfindən işlərə başlanılıb. Hazırda su xətlərinin yenilənməsi işləri davam etdirilir.
Mətbuat xidməti