“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şirvan şəhərində genişmiqyaslı abadlıq və yenidənqurma işləri davam etdirilir.
Şəhərin Gülbala Şıxbalaoğlu küçəsində (İsmət Qayıbov küçəsindən Səməd bəy Mehmandarov küçəsinədək) yerləşən 5 fərdi yaşayış evinin çardaqlı dam örtüyü yenidən qurulmuş, daha 6 fərdi yaşayış evində isə dam örtüyünün yenidən qurulması işləri davam etdirilir.
Eyni zamanda, ərazidə 13 ünvanda 2 mərtəbəli çoxmənzilli yaşayış binalarının fasadında, fərdi yaşayış evlərinin hasarlarında və qeyri-yaşayış obyektlərində abadlıq işləri aparılır, şəhərin ümumi görünüşünün yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər görülür.
Mayın 1-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görülən işlərlə yerində tanış olub, şəhər sakinləri ilə görüşüb, təklif və tövsiyələrini verib.
Şəhər sakinləri aparılan abadlıq və quruculuq işləri ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Həyata keçiriləcək işlər şəhərin memarlıq görünüşünün yaxşılaşdırılmasına, yaşayış binalarının texniki vəziyyətinin gücləndirilməsinə və sakinlər üçün daha təhlükəsiz, rahat yaşayış mühitinin formalaşdırılmasına mühüm töhfə verəcəkdir.
Görülən işlərlə bağlı məlumatlar mütəmadi olaraq şəhər İcra Hakimiyyətinin rəsmi media hesablarında paylaşılacaqdır.






