Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov küçələrin asfaltlanması işləri ilə tanış olub.
Şirvan şəhəri ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə mərkəzi və məhəllədaxili küçələrin abadlaşması işləri mərhələli şəkildə davam etdirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2023-cü ildə şəhər ərazisində yolların əsaslı təmiri ilə əlaqədar başa çatmış satınalma proseduruna əsasən şəhərin N.Tusi, M.Müşfiq, M.Şəhriyar, Ə.Kürçaylı, Ş.İ.Xətai və Ç.Mustafayev küçələrini əhatə etməklə ümumilikdə 12043,20 kv.m. asfalt-beton örtüyü vurulmuşdur.
Hazırda aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtüyün dağılmış hissələri qazılıb çıxarılır, həmin hissələr çınqıl-qum qarışığı ilə doldurulur, yeni hamarlayıcı qat verilərək kipləşdirilir, asfalt-beton örtüyü üçün hazırlanır.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edilən ərazilərdə görülmüş işlərlə yerində tanış olub. Daha sonra sakinlərlə görüşən İlqar Abbasov, onları narahat edən məsələləri dinləyib, mövcud problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı üzrə tapşırıqlar verib.