Şirvan şəhər İsmət Qayıbov adına Mədəniyyət və İstirahət Parkında yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəyli ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Şirvan şəhərinin “Köhnə şəhər” hissəsində, Kür çayının sahilində yerləşən İsmət Qayıbov adına parkda genişmiqyaslı yenidənqurma və əsaslı təmir işlərinə başlanılmışdır.
Layihə əsasında parkın ərazisində 1790 m2 tamet tavalar döşənməsi, 3023.4 p.m beton bordyurların düzülməsi, 5435.1 m2 asfalt-beton örtük vurulması, 5 ədəd idman qurğusunun, 1 ədəd turnik kompleksinin, 3 ədəd balansir yelləncəklərin, 1 ədəd kompleks uşaq əyləncə qurğusunun, 40 ədəd işıq dirəyinin quraşdırılması, 30 ədəd müasir oturacağın və 30 ədəd tullantı qutusunun, 1 ədəd park informasiya lövhəsinin qoyulması, 648 p.m yeraltı elektrik xəttinin və 865 p.m su xəttinin çəkilməsi, Parkın mövcud giriş hissəsinin, istinad divarının, sanitar qovşağının, səhnə-kölgənəgahın əsaslı təmir olunması nəzərdə tutulmuşdur.
Parkda yararsız monolit beton səki daşları, işıq dirəkləri, oturacaqlar sökülərək daşınmış, su və işıq xətlərinin çəkilməsi, ağacların budanması, yeni beton bordurların düzülməsi, istinad divarının və sanitar qovşağın əsaslı təmiri işləri aparılır.
Keçən dövr ərzində park ərazisində 490 p.m böyük, 2120 p.m dekorativ pordyurlar düzülmüş, 965 m2 tamet tavalar döşənmiş, 648 p.m yeraltı elektrik xətti və 865 p.m su xətti çəkilmişdir.
Bundan əlavə əraziyə 230 m3 münbit torpaq verilmiş, 515 ədəd müxtəlif növ sərv, palma, spiral şam, pavlovna ağacları, 466 ədəd müxtəlif növ xerzontina, rozmarina, lyuqustr gül kolları əkilmişdir.
Parkda mövcud qeyri-yaşayış obyektləri təmir olunmaqla, fərdi yaşayış evlərinin hasarlarında suvaq işləri aparılmışdır.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən parkda aparılan yenidənqurma və əsaslı təmir işlərinə mütəmadi olaraq yerində baxış keçirilməklə icraçılara, aidiyyəti qurumlara müvafiq tövsiyə və tapşırıqlar verilir.
Parkın yaxın zamanda şəhər sakinlərinin və qonaqların istifadəsinə verilməsi planlaşdırılır.