Şirvan şəhərində genişmiqyaslı abadlıq və təmir-bərpa işləri aparılır.
Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyi ilə əlaqədar şəhər ərazisində genişmiqyaslı abadlıq və təmir-bərpa işlərinin həyata keçirilməsi məqsədilə İcra Hakimiyyəti başçısının 14.09.2023-cü il tarixli 215 nömrəli Sərəncamı ilə 60 bənddən ibarət “Tədbirlər Planı” təsdiq edilmişdir.
“Tədbirlər Planı”nda nəzərdə tutulmuş abadlıq-quruculuq işləri çərçivəsində park və xiyabanların, küçə və prospektlərin, məhəllə və məhəllədaxili yolların abadlaşdırılması, nümunəvi və abad məhəllələrin, avtobus dayanacaqlarının, metal məhəccərlərin, səkilərin, fəvvarələrin, şəlalənin təmiri və yeni yaşıllıq zolaqlarının salınması işlərinə artıq başlanılmışdır.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Şirvan şəhəri, Naxçıvan küçəsində 8.11 hektar torpaq sahəsində 1264 mənzildən ibarət “Yeni Şirvan” yaşayış kompleksinin inşasına başlanılmış, “Bakı Abadlıq Xidməti” MMC və Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçə və prospektləri yeni işıqlandırma sistemləri ilə təchiz olunmuş, layihə çərçivəsində şəhərin 135 ünvanında, o cümlədən 122 küçə, 2 xiyaban, 8 məhəllədaxili, 1 nümunəvi məhəllə, 1 meydan və 1 dairədə ümumilikdə 134 152 p.metr yeni işıq xətti çəkilmiş, 3 996 işıq dirəyi, 502 690 vatt ümumi gücü olan 5 417 işıq nöqtəsi quraşdırılmışdır. Layihə çərçivəsində növbəti mərhələdə şəhərin 74 küçəsinin işıqlandırılması nəzərdə tutulmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı Şirvan şəhərində “Azərsu” ASC tərəfindən su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmış, cari ildə şəhərin küçə və prospektlərində ümumilikdə 10 505 p/metr müxtəlif diametrli su xətləri və 3 043 p/metr kanalizasiya xətləri çəkilmiş, 105 ədəd kanalizasiya baxış quyusu, 588 ədəd mexaniki su sayğacı quraşdırılmışdır.
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2023-cü ildə şəhər ərazisində yolların əsaslı təmiri ilə əlaqədar başa çatmış satınalma proseduruna əsasən şəhər ərazisində ümumilikdə 33 ünvana 55 715,35 m2 asfalt beton örtüyün vurulması işlərinə başlanılmış, eyni zamanda Azərsu ASC tərəfindən su və kanalizasiya xətlərinin çəkilməsi zamanı qazılmış ümumilikdə 10 249 m2 sahədə asfalt örtüyünün bərpası işləri aparılır.
“İDEA” İctimai Birliyinin “Bizim həyət” layihəsi çərçivəsində Heydər Əliyev prospekti, Tofiq İsmayılov küçəsi və 20 Yanvar küçələrində 2 nümunəvi məhəllə, 20 Yanvar küçəsində 1 abad məhəllənin salınması işlərinə başlanılmış, ümumi sahəsi 2,3 hektar olan, 3000 nəfərdən çox sakinin yaşadığı 3 məhəllədə idman və uşaq əyləncə qurğularının, yeni oturacaqların, söhbətgahların, müasir işıqlandırma sisteminin quraşdırılması, əraziyə tamet tavaların döşənməsi, meydançaya süni örtüyün sərilməsi, beton səki daşlarının, bordyurların düzülməsi, məhəllədaxili yollara, avtomobil dayanacaqlarına və blokların giriş hissələrinə asfalt örtüyün vurulması nəzərdə tutulmuşdur.
Şəhərin Bayramlı qəsəbəsində abad məhəllənin salınması məqsədilə əraziyə tamet örtüyünün döşənməsi, səkilərin düzəldilməsi, rezin əsaslı süni örtüyün sərilməsi, kompleks uşaq əyləncə qurğularının, söhbətgahların, müasir oturacaqların, konteynerlərin quraşdırılması, açıq futbol meydançasının yaradılması işləri nəzərdə tutulmuşdur.
Şəhərin simasının daha da gözəlləşdirilməsi və sakinlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə abadlıq və yenidənqurma işləri mərhələli şəkildə davam etdiriləcəkdir.