Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhərində küçə işıqlandırılma sistemlərinin qurulması davam etdirilir.

03 oktyabr 2023 | 09:57

Xalqımızın qədim tarixə söykənən xoş arzularından biri “səni görüm aydınlığa, işıqlığa çıxasan” alqışıdır. Sevindirici haldır ki, son illlər Şirvanın sadəcə əsas küçə və prospektləri deyil, həmçinin uzun illər qaranlığa qərq olan çoxmənzilli yaşayış binalarının məhəllələri, kənd evləri, bağ evləri, köhnə şəhər və qəsəbələrdəki məhəllədaxili yolları da sözün əsl mənasında “işıqlı günə” çıxıb.    

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Şirvan Şəhər İcra Hakimiyyəti, “Bakı Abadlıq Xidməti” MMC və “The Company Signfy Poland” şirkəti tərəfindən imzalanmış 26 may 2021-ci il tarixli müqaviləyə əsasən şəhərin küçə və prospektləri “ağıllı işıqlandırma” sistemi ilə təchiz olunmuşdur.

Layihə çərçivəsində Şirvan şəhər ərazisinin 135 ünvanında, o cümlədən 122 küçədə, 2 xiyabanda, 8 məhəllədaxilində, 1 nümunəvi məhəllədə, 1 meydan və 1 dairədə olmaqla ümumilikdə 134 152 p.m işıq xətti çəkilib, 3 996 işıq dirəyi, 502 690 vatt ümumi gücü olan 5 417 işıq nöqtəsi quraşdırılmışdır.

  Eyni zamanda dövlət büdcəsi və şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına şəhərin Heydər Əliyev meydanında, Heydər Əliyev, Nəriman Nərimanov, Məhəmməd Füzuli  parklarında, Səməd Vurğun bağında, 3 fəvvarədə, 1 şəlalədə, 2 nümunəvi məhəllədə, Məhəmməd Əmin Rəsulzadə və İstiqlaliyyət prospektlərindəki  xiyabanda işıq sistemləri yenilənmiş və ya yenidən qurulmuşdur.

Torpaqlarımızın işğaldan azad edilməsi və xalqımızın işıqlı gələcəyi naminə canından keçən şəhidlərimizin ailələrinin yaşadığı küçələrin abalaşdırılması və işıqlandırılması xüsusi diqqətdə saxlanılmış,15 şəhid ailəsi yaşayan küçələrin “ağıllı işıqlandırma” sistemi ilə təchizi başa çatdırılmışdır.

Bundan başqa şəhərin dayanıqlı işıqlandırılmasını və baş verən nasazlıqların operativ qaydada aradan qaldırılmasını təmin etmək məqsədilə Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə cari ildə “Şirvan şəhər işıqları” İdarəsi yaradılmışdır.Yeni işıq dirəylərinin quraşdırıldığı şəhərin Xəqani, Zülfi Hacıyev, Fariz Eynullayev, Səməd   Vurğun küçələrində, Salyan dairəsi ərazisində 70 ədəd köhnə dirək “demontaj” edilərək ərazidən çıxarılmış, hazırda digər küçələrdə demontaj işləri davam etdirilir.

Qurulan yeni işıq sistemləri Şirvan şəhərinin enerji təsərrüfatı və təminatını yaxşılaşdırmaqla yanaşı, həm də onun idarə edilməsini optimallaşdırmağa xidmət edir. Vahid idarəetmə sistemi ilə qurulan bu işıqlar şəhər sakinləri tərəfindən məmnunluqla qarşılanmışdır.

Layihə çərçivəsində növbəti mərhələdə Şirvan şəhərində 74  küçənin işıqlandırılması nəzərdə tutulmuşdur.

Keçidlər