Şirvan şəhərində küçələrin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir.
Şirvan şəhəri ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə mərkəzi və məhəllədaxili küçələrin abadlaşması işləri mərhələli şəkildə davam etdirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2023-cü ildə şəhər ərazisində yolların əsaslı təmiri ilə əlaqədar başa çatmış satınalma proseduruna əsasən şəhərin N.Tusi, M.Müşfiq, M.Şəhriyar, N.Nərimanov, M.Kazımbəy, R.Orucov, Y.Məmmədəliyev, Xaqani, S.Zeynalov və Ə.Ağayev küçələrini əhatə etməklə ümumilikdə 16146,00 kv.metr asfalt-beton örtüyü vurulmuşdur.
Hazırda aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtüyün dağılmış hissələri qazılıb çıxarılır, həmin hissələr çınqıl-qum qarışığı ilə doldurulur, yeni hamarlayıcı qat verilərək kipləşdirilir, asfalt-beton örtüyü üçün hazırlanır.