Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa ediləcək "Yeni Şirvan" yaşayış kompleksinin tikintisinə hazırlıq işləri başlanılıb.

14 avqust 2023 | 15:37

Azərbaycan Respublikası Prezidentinin “dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 24.11.2016-cı il tarixli 1125 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsi yaradıldı. Ölkə başçısının "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" 07.02.18-ci il tarixli 1819 nömrəli Fərmanına əsasən “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi” təsdiq edilmişdir. Nizamnaməyə əsasən Agentliyin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil etmək, habelə həmin torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak etmək və fəaliyyəti əlaqələndirməkdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 587s nömrəli, 9 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar çoxmənzilli yaşayış binalarının tikintisi məqsədilə Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən, yerquruluşu planına əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 8.11 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməklə, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilməsi barədə Şirvan Şəhər İcra Hakimiyyətinin vəsatəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müsbət rəyləri nəzərə alınaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifi qəbul edilmişdir.

Şirvan şəhər sakinlərinin güzəştli şərtlərlə mənzilə olan ehtiyacının ödənilməsi üçün Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8.11 hektar torpaq sahəsində çoxmənzilli binalardan ibarət yaşayış kompleksinin layihələndirmə işləri aparılmış, layihəyə əsasən 8.11 hektar torpaq sahəsinin üzərində 1264 mənzildən ibarət 25 çoxmənzilli yaşayış binasının (9 və 12 mərtəbəli), 140 yerlik uşaq bağçasının, məktəb binasının, 2 ədəd transformator yarımstansiyası binasının, 5 ədəd içməli və yanğın su anbarının və nasosxana binasının tikintisi planlaşdırılıb.

Hazırda Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC tərəfindən mühəndis hazırlıq işləri çərçivəsində, yeraltı elektrik xətləri çəkilmiş, müvəqqəti betonzavodun quraşdırılmasına başlanılmışdır.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az  internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Keçidlər