Şirvan şəhərində yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri sürətlə davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayon və şəhərlərdə müasir standartlara cavab verən yeni işıqlandırma sistemlərinin quraşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Şirvan Şəhər İcra Hakimiyyəti, “Bakı Abadlıq Xidməti” MMC və “The Company Signfy Poland” şirkəti tərəfindən imzalanmış 26 may 2021-ci il tarixli müqaviləyə əsasən Şirvan şəhərinin küçə və yollarında “Bakı Abadlıq Xidməti” MMC tərəfindən müasir standartlara cavab verən yeni işıqlandırma sistemlərinin quraşdırılması işlərinə başlanılmış, şəhərin 112 küçəsində ümumilikdə 115535 metr işıq xətti çəkilmiş, 3643 işıq dirəyi və 5034 işıq nöqtəsi quraşdırılmışdır. Hazırda işlər mərhələli şəkildə davam etdirilir. 1-ci Qarabağ müharibəsi, 2016-cı il aprel döyüşləri və Vətən müharibəsi zamanı şəhid olmuş Fuad Bağırov, Elçin Əliyev, Amal Alişanlı, Xəqani Məmmədov, Elnur Qarayev, Əli Mənəfli, Süleyman Bağırov, Şəhriyar İsmayılzadə, Ramil Əliyev, Yusif Cəfərov, Kamran Fərəcov, Röyal Məmmədov, Zeynal Zülfüqarlı, Namiq Xəlilov, Elvin Şıxəliyev, Emil Hümbətov, Bəxtiyar İslamov, Nicat Hüseynov, Cavid Məmmədli, Həsən Həsənov, Asif Qəribov, Abdulla Zeynalov, Rahil Ərəbli və Raqub Orucovun ailələrinin yaşadıqları və Şəhidlərin adlarına verilmiş küçələrdə yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri artıq başa çatdırılmışdır. Həmçinin “Şəhidlər Xiyabanı”nda 10 ədəd yeni işıq dirəyi quraşdırılmış, 675 metr yeni yeraltı elektrik xətti çəkilmiş və mövcud işıq dirəklərində 60 ədəd Led lampa yenisi ilə əvəz olunmuşdur. “Bayraq meydanı”nda işıq dirəklərinin yenilənməsi işləri tamamlanmış, 12 ədəd yararsız işıq dirəkləri yeni işıq dirəkləri ilə əvəzlənmiş, 248 metr yeraltı elektrik xətti çəkilmişdir. Eyni zamanda şəhər İcra Hakimiyyəti tərəfindən “Heydər Əliyev parkı”nda, Məhəmməd Əmin Rəsulzadə və İstiqlaliyyət prospektlərindəki xiyabanlarda işıqlandırma şəbəkəsinin dayanıqlığının təmin edilməsi məqsədilə 1679 metr qazıntı işləri aparılmış, mövcud işıq dirəklərinə 2377 metr yeni yeraltı elektrik xətti çəkilmiş, 120 ədəd yeni 100 w enerjiyə qənaətli Led plafon quraşdırılmışdır. Hazırda “Heydər Əliyev parkı”nda işlər sürətlə davam etdirilir. Şəhər ərazisində Qarabağ müharibəsi əlilləri və iştirakçılarının, əhalinin sıx yaşadığı və işıqlandırılmasına ehtiyac olan küçələrdə, abad məhəllələrdə yeni işıqlanma şəbəkəsinin qurulması ilə bağlı Şirvan şəhərində yeni işıq nöqtələrinin sayının artırılması məqsədilə aidiyyəti dövlət qurumlarına müraciət ünvanlanmışdır.
Mətbuat xidməti