Şirvanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində abadlıq işləri genişlənir.
11 mart 2026 | 11:43
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 30 yanvar tarixli 912 nömrəli Sərəncamına əsasən 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şirvan şəhərində genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Şirvan şəhərinin inkişafına göstərilən yüksək diqqət və qayğının növbəti təzahürüdür.
Belə ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində “Bakı Abadlıq” MMC tərəfindən şəhər ərazisində uzun müddət təmir olunmamış 111 çoxmənzilli yaşayış binasının dam örtüklərinin yenilənməsi planlaşdırılır. Layihəyə əsasən həmin binaların mövcud dam örtükləri ağac konstruksiyalı metal çardaqlı yeni örtüklərlə əvəz ediləcəkdir.
Bununla yanaşı, şəhər üzrə 143 çoxmənzilli yaşayış binasının fasadlarının, giriş hissələrinin və pilləkən qəfəslərinin təmir olunması da nəzərdə tutulur.
Hazırda şəhərin 20 Yanvar,Tofiq İsmayılov və Nəriman Nərimanov küçələrində yerləşən 6 ədəd çoxmənzilli yaşayış binalarının fasad və dam hissələrində əsaslı təmir işlərinə başlanılmışdır.
Həyata keçiriləcək bu işlər şəhərin memarlıq görünüşünün yaxşılaşdırılmasına, yaşayış binalarının texniki vəziyyətinin gücləndirilməsinə və sakinlər üçün daha təhlükəsiz, rahat yaşayış mühitinin formalaşdırılmasına mühüm töhfə verəcəkdir.
Görülən işlərlə bağlı məlumatlar mütəmadi olaraq şəhər İcra Hakimiyyətinin rəsmi media hesablarında paylaşılacaqdır.
Bizi sosial şəbəkələrdə izləyin!






