Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən abadlıq işləri davam etdirilir.

13 aprel 2026 | 18:34

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 30 yanvar tarixli 912 nömrəli Sərəncamına əsasən 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şirvan şəhərində genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Şirvan şəhərinin inkişafına göstərilən yüksək diqqət və qayğının növbəti təzahürüdür.

Şəhər İcra Hakimiyyətinin təklifi əsasında “Bakı Abadlıq” MMC tərəfindən şəhər ərazisində uzun müddət təmir olunmamış 111 çoxmənzilli yaşayış binasının dam örtüklərinin yenilənməsi planlaşdırılır. Layihəyə əsasən həmin binaların mövcud dam örtükləri ağac konstruksiyalı metal çardaqlı yeni örtüklərlə əvəz ediləcəkdir.

Bununla yanaşı, şəhər üzrə 143 çoxmənzilli yaşayış binasının fasadlarının, giriş hissələrinin və pilləkən qəfəslərinin təmir olunması da nəzərdə tutulur.

Hazırda şəhərin 20 Yanvar küçəsində 3, Tofiq İsmayılov küçəsində 5 ünvanda çoxmənzilli yaşayış binalarının fasad və dam hissələrində əsaslı təmir işləri davam etdirilir.

Aprelin 13-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görülən işlərlə tanış olub, təklif və tövsiyələrini verib.

Həyata keçiriləcək işlər şəhərin memarlıq görünüşünün yaxşılaşdırılmasına, yaşayış binalarının texniki vəziyyətinin gücləndirilməsinə və sakinlər üçün daha təhlükəsiz, rahat yaşayış mühitinin formalaşdırılmasına mühüm töhfə verəcəkdir.

Görülən işlərlə bağlı məlumatlar mütəmadi olaraq şəhər İcra Hakimiyyətinin rəsmi media hesablarında paylaşılacaqdır.

 

Keçidlər