Şirvanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən abadlıq işləri davam etdirilir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şirvan şəhərində genişmiqyaslı abadlıq və yenidənqurma işləri davam etdirilir.
“Bakı Abadlıq Xidməti” MMC tərəfindən hazırda şəhərin 20 Yanvar, Tofiq İsmayılov, Nəriman Nərimanov, Fariz Eynullayev, Gülbala Şıxbalaoğlu, Səməd bəy Mehmandarov və İsmət Qayıbov küçələrində yerləşən 23 ədəd çoxmənzilli yaşayış binalarının dam örtüyündə əsaslı təmir və 43 ədəd çoxmənzilli yaşayış binalarının fasad hissələrində suvaq işləri tamamlanmış, rənglənmə işləri yekunlaşmaq üzrədir.
Tofiq İsmayılov, Fariz Eynullayev, Nəriman Nərimanov və Gülbala Şıxbalaoğlu küçələrində ümumilikdə 2053 sakinin yaşadığı çoxmənzilli binaların qarşısındakı məhəllələrdə abadlıq işləri davam etdirilir. Burada beton bordürlər qoyulur, tamet tavalar düzülür, uşaqlar üçün əyləncə qurğuları, sakinlər üçün söhbətgahlar, oturacaqlar, gənclər üçün idman qurğuları quraşdırılır, parklanma yerləri düzəlir.
İstiqlaliyyət və Məhəmməd Əmin Rəsulzadə prospektlərində, Zülfü Hacıyev və Gülbala Şıxbalaoğlu küçələrində dekorativ məhəccərlərin təmiri işləri aparılır.
İsmət Qayıbov və Gülbala Şıxbalaoğlu küçələrində abadlıq, fərdi yaşayış evlərinin hasarlarında, səkilərdə və qeyri yaşayış obyektlərində əsaslı təmir işləri görülür.
İsmət Qayıbov küçəsində, Kür çayının sahilində “Şirvan bulvarı”nın tikintisi davam etdirilir.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhərin Tofiq İsmayılov, Fariz Eynullayev, Nəriman Nərimanov, İsmət Qayıbov, Səməd bəy Mehmandarov və Gülbala Şıxbalaoğlu küçələrində aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin gedişinə baxış keçirib, Kür çayının sahilində yeni inşa olunan “Şirvan bulvarı”nda, “Şirvan” qəzetinin redaksiyasının yerləşdiyi binada görülən işlərlə tanış olaraq müvafiq tapşırıq və tövsiyələrini verib.
Həyata keçiriləcək işlər şəhərin memarlıq görünüşünün yaxşılaşdırılmasına, yaşayış binalarının texniki vəziyyətinin gücləndirilməsinə və sakinlər üçün daha təhlükəsiz, rahat yaşayış mühitinin formalaşdırılmasına mühüm töhfə verəcəkdir.
Şəhər sakinləri aparılan abadlıq və quruculuq işləri ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Bildiririk ki, görülən işlərlə bağlı məlumatlar şəhər İcra Hakimiyyətinin rəsmi media hesablarında mütəmadi olaraq paylaşılacaqdır.






