Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda aprel şəhidi Rahil Ərəblinin xatirəsi anıldı.

14 aprel 2020 | 16:00

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimiz tərəfindən hər zaman xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi tədbirlər həyata keçirilir. 2018-ci ildə keçirilən Prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələri ilə bağlı olmuşdur. Şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilib,  son illər ərzində 7 minə qədər şəhid ailəsi mənzillə təmin olunub. Şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, müavinatlar, pensiya, prezident təqaüdü verilir, şəhid övladlarının təhsil haqqı dövlət tərəfindən ödənilir.  Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı lazımi addımlar atılır, onların əziz xatirəsi daima yad edilir.
    Şirvan şəhərində də 137 şəhid ailəsi şəhər İcra Hakimiyyətinin daimi diqqət və qayğısı ilə əhatə olunub, onlara vaxtaşırı maddi yardımlar və lazımi köməkliklər göstərilir, sosial problemləri həll edilir.
    2016-cı il aprel ayının əvvəllərində Azərbaycanın cəbhəyani mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artileriya atəşinə məruz qaldığı zaman ordumuzun bölmələri əks həmlə ilə düşmən təxribatının qarşısını almış və silahlı qüvvələrimiz 2 min hektarlıq ərazini düşmən tapdağından azad etmişdir.  Bu döyüşlərin iştirakçılarından biri də Şirvan şəhər sakini Rahil Rafiq oğlu Ərəbli idi.
    Rahil Ərəbli 14.04.1996-cı ildə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində anadan olmuş, qəsəbədə yerləşən 12 nömrəli tam orta məktəbdə təhsil almış, əsil vətənpərvər gənc kimi yetişmişdi. Bunu, onun keçdiyi sonrakı həyat yolu bir daha təsdiqlədi. Rahil Ərəbli 12 may 2016-cı il tarixdə Ağcabədi rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə xidməti borcunu yerinə yetirərkən düşmənlə təmas xəttində aldığı qəlpə yarasından şəhid olmuşdur. Şəhid 2016-cı ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilmişdir.
    Şirvan şəhər İcra Hakimiyyəti və şirvanlılar şəhid Rahil Ərəblinin xatirəsini daima əziz tutur, ailəsinə vaxtaşırı maddi və mənəvi dəstək göstərir. 14 aprel 2020-ci il tarixində şəhidin doğulub boya-başa çatdığı qəsəbədə, əvvəllər yaşadığı evin yanında yeni inşa edilmiş “Şəhid Rahil Ərəbli” guşəsi önündə onun əziz xatirəsi bir daha yad edilmişdir. Xatirə guşəsinin açılışında Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişdir.
    Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov öz çıxışında Prezident cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, şəhid Rahil Ərəblinin keçdiyi həyat yolundan və xidməti borcunu yerinə yetirərkən göstərdiyi sücayətlərdən danışmışdır. İlqar Abbasov belə vətənpərvər övlad böyütdüyünə görə şəhidin valideynlərinə öz minnətdarlığını ifadə etmiş, “Şəhid Rahil Ərəbli” xatirə guşəsinin inşasında əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.
    Xatirə guşəsinin açılışında iştirak edən şəhidin valideynləri çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya, eyni zamanda koronavirus pandemiyasına qarşı təşkil edilən yüksək səviyyəli mübarizəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.               

Keçidlər