Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, Ordumuzun rəşadətindən ilhamlanaraq zəfərə gedən yolda inamla addımlayır.

19 oktyabr 2020 | 16:00

İşğalçı Ermənistan döyüş meydanında uğradığı rüsvayçı məğlubiyyətləri ilə barışa bilmir və bunun əvəzini dinc mülki əhalini silahlı atəşə tutmaqla çıxmağa çalışır. Müharibə qanunlarına, beynəlxalq hüquqa və ən əsası insanlığa zidd olan bu addımlar Ermənistanın vəhşi xislətini bir daha nümayiş etdirir. Gəncədə törədilən erməni vəhşili bəşəriyyətə, insanlığa yönəlmiş bir cinayətdir. Bu həm də insanlığa adına silinməz ləkədir. Ermənistan təkcə Gəncəni deyil, digər qonşu şəhərlərdə də hərbi cinayətlər törədir. Bu vəhşilik həm də Ermənistanın acizliyinin göstəricisidir. Artıq döyüş əzmini tamamilə itirmiş, biyabırçı məğlubiyyətə məhkum olmuş, Xocalıda bəşəri cinayət – soyqırım törətmiş ermənilər üçün bu cinayətləri törətmək adi bir haldır. Gələcəyi görünməyən Paşinyan hakimiyyəti artıq müharibənin idarəolunmaz həddə çatdığını yaxşı başa düşür. Odur ki, havadarlarından yardım dilənmək məcburiyyətə qalaraq, onlara saysız telefon zəngləri etsə də bütün səyləri boşa çıxdı. Lakin buna baxmayaraq, Azərbaycana qarşı qərəzli mövqe və ikili standartlar sərgiləyən dövlətlər yenə də öz ənənələrini pozmadılar. Münaqişənin sülh yolu ilə həll edilməsi missiyanı üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədr ölkələri Ermənistanın sülhə, sabitliyə təhdid olan addımlarına susmaqla öz qərəzli mövqelərini nümayiş etdirdilər. Xüsusən də Fransanın işğalıçı Ermənistanı tam dəstəkləyən mövqeyi qəbuledilməzdir. Bu onu göstərir ki, Fransa artıq üzərinə götürdüyü sülh missiyasını yerinə yetirmək iqtidarında deyil. Halbuki, həmsədr ölkəsi olaraq Fransa öz bitərəfliyini qorumalı və münaqişənin ədalətli həllinə çalışmalıdır. Azərbaycan ədalətli müharibə aparır. Bu müharibə özgə torpaqlarının deyil, məhz Azərbaycanın doğma torpaqları uğrunda, bütün dünyada qəbul edilmiş ərazi bütövlüyü uğrunda mübarizə aparır. Bu haqq savaşında Azərbaycanı qardaş Türkiyə və Pakistan elə ilk gündən dəstəkləyərək, Azərbaycanın yanında olduqlarını bəyan etdilər. Getdikcə daha da güclənən, beynəlxalq aləmdə söz sahibinə çevrilən Türkiyənin Azərbaycanı haqq işində dəstəkləməsi bəzi dairələri ciddi narahat edir. Türkiyəyə təzyiqlər etməyə çalışırlar. Lakin bu gün Türkiyə 20 il əvvəlki Türkiyə deyil. Bu gün heç bir dövlət Türkiyəyə hansısa məsələdə diktə edə bilməz. Türkiyə həm özünün həm də müttəfiqlərinin maraqlarını müdafiə etmək gücünə malikdir. Bu bir reallıqdır və bütün dünya bu reallığı qəbul etməlidir. Azərbaycan xalqı ordumuzun, dövlətimizin gücünə arxalanaraq gələcəyə inamla baxır. Azərbaycan tezliklə işğal altında olan torpaqları azad edəcək. Bu yalanla həqiqətin, haqsızlıqla ədalətin üz-üzə dayandığı mücadilədə xalqımızın böyük qələbəsi uzaqda deyil. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, Ordumuzun rəşadətindən ilhamlanaraq zəfərə gedən yolda inamla addımlayır.
        Qələbə bizimlədir!. Qarabağ Azərbaycandır!

Əminə Əliyeva,
Şirvan şəhər 2 nömrəli tam orta məktəbin direktoru

Keçidlər