Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.

23 fevral 2021 | 16:00

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının aparatında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb. Yeni yaradılmış şöbənin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, şərəfli döyüş yolu keçmiş, ölkə Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş Balayev Elvin Azadxan oğlu təyin edilib.
   Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yeni yaradılmış şöbəyə müdir təyin edilmiş Elvin Balayevi təqdim edib, səmimi ürək sözlərini çatdırıb və uğurlar arzulayıb.
   Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən söz açan İcra Hakimiyyətinin başçısı torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimizə və Vətən uğrunda sağlamlığını itirən qazilərimizə minnətdar olduğumuzu bildirib. Dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident  hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən qayğıdan danışan İcra Hakimiyyətinin başçısı yeni yaradılan şöbənin də məhz onların sosial rifah halının yaxşılaşdırılmasına, qayğılarının müsbət həllini tapmasına xidmət edəcəyini qeyd edib. Yeni yaradılmış şöbənin bu istiqamətdə görülmüş işlərə öz töhfəsini verəcəyini söyləyib.
   Ona göstərilən etimada görə ölkə Prezidentinə və şəhər rəhbərliyinə minnətdarlığını bildirən Elvin Balayev yeni yaradılan şöbəyə müdir vəzifəsinə təyin edilməsini özünün timsalında Vətən müharibəsinin iştirakçılarına göstərilən qayğı kimi qiymətləndirib. Döyüş meydanında olduğu kimi, dövlət qulluğunda da məsuliyyətlə çalışacağını, şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi iştirakçılarının qaldırdıqları hər bir məsələyə həssaslıqla yanaşacağını bildirib.

   Mətbuat xidməti

Keçidlər