Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, Vətən müharibəsinin şəhidi Vəliyev Şəmsəddin Aqil oğlunun anım günü qeyd olunub.

25 oktyabr 2021 | 16:00

24 oktyabr 2021-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri  Vəliyev Şəmsəddin Aqil oğlunun anım günü həm doğulub boya-başa çatdığı, hazırda doğmalarının yaşadığı Sabirabad rayonu Dadaşbəyli kəndində, həm də izdihamla dəfn olunduğu Şirvan şəhərində qeyd olunub. Şəhid Şəmsəddin Aqil oğlu Vəliyevin anım günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər İcra Hakimiyyətinin və Sabirabad  rayonunun idarə və müəssisələrinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə Şirvan şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı qarşısında çıxış edərək belə mərd və şücaətli oğul böyütdükləri üçün valideynlərinə təşəkkür edib və  Allahdan onlara səbir diləyib. Torpaqlarımızın azadlığı, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən igidlərimizin, şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını, hər zaman qəlblərdə yaşayacağını, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacaqlarını vurğulayıb. 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə azad edilməsində Müzəffər Ordumuzun və Qalib Ali Baş Komandanımız cənab İlham Əliyevin tarixi xidmətlərindən danışıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb, bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhər icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılmasının şəhid və qazi ailələrinə dövlət qayğısının təzahürü olduğunu bildirib. Şirvan şəhərində şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarına göstərilən hörmət və ehtiramdan, olunan köməkliklərdən, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq və yenidənqurma işlərindən bəhs edib. Şəhidlərimizə və onların ailələrinə göstərilən ehtiramın hər bir azərbaycanlının mənəvi borcu olduğunu diqqətə çatdırıb.
    Sonra tədbir şəhid Vəliyev Şəmsəddon Aqil oğlunun valideynlərinin və vaxtilə özünün yaşadığı Sabirabad rayonu Dadaşbəyli kəndində yaradılan xatirə lövhəsinin qarşısında davam edib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açaraq bütün şəhidlərimizin əbədi ehtirama layiq olduğunu vurğulayıb.
   Şəhid Şəmsəddin Vəliyevin valideynləri övladları ilə qürur duyduqlarını bildirərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
   Qeyd edək ki, Vəliyev Şəmsəddin Aqil oğlu 2020-ci ilin 24 oktuabrında Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub.
   Respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, eyni zamanda şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamlarına əsasən Vəliyev Şəmsəddin Aqil oğlu ölümündən sonra "Vətən uğrunda",   "Şuşanın azad olunmasına görə",  "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
   Allah rəhmət eləsin!
   Şəhidlər ölməz, Vətən bölünməz!
  
   Mətbuat xidməti

Keçidlər