Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Bu gün Şirvan şəhəri Azərbaycanın inzibati və iqtisadi xəritəsində müstəsna əhəmiyyət kəsb edən, on minlərlə insanın yaşadığı, çoxsahəli sosial-iqtisadi və mədəni obyektləri özündə birləşdirən sənaye mərkəzlərindən biridir.
   1930-cu ilə kimi Ərəbşahverdi, Papanino və nəhayət Zubrovka qəsəbəsi adlanan ərazi 1931-ci ildə kolxozlaşma ilə əlaqədar rayon mərkəzinə çevrilərək Əli-Bayramlı qəsəbəsi adlandırılmışdır. 28 iyul 1954-cü ildə Əli-Bayramlı rayon tabeliyində şəhər statusu almaqla böyük bir kənd təsərrüfatı rayon mərkəzi olmuşdur. 1963-cü il yanvar ayında Əli-Bayramlı rayonu ləvğ edilərək onun kəndləri uyğun olaraq Sabirabad , Səlyan və Şamaxı rayonlarının tabeliyinə keçirilmişdir. Əli-Bayramlıya isə respublika tabeliyində şəhər statusu verilmişdir.
   2008-ci ilin may ayında Əli-Bayramlı şəhərinin adı dəyişdirilərək Şirvan şəhəri adlandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 7 may 2008-ci il tarixli 2800 nömrəli Sərəncamına əsasən Əli Bayramlı şəhəri Şirvan şəhəri adlandırılmışdır. Hacıqabul, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 447 saylı sərəncamına əsasən Şirvan şəhərinin ərazisi 30 km2-dən 72,7 km2-ə qədər genişləndirilmişdir.
  Şirvan şəhəri Bakı şəhərindən cənub-qərbə avtomobil yolu ilə 120 km məsafədə, əsasən Şirvan düzündə, Kür çayının şərq sahilində yerləşir. Respublikanın cənub, cənub-qərb və şimal bölgələrinin birləşdirən avtomobil və dəmir yolları, Kür çayı vasitəsilə  su yolu Şirvan şəhəri ərazisindən keçir. Şəhər Sabirabad, Salyan və Hacıqabul rayonları ilə həmsərhəddir. Əhalisi 01.01.2021-ci il tarixə 87.9 min nəfər, ərazisi 72,7 km2-dir.
   Alman faşizminə qarşı müharibədə cəbhəyə getmiş 8600 nəfər həmyerlimizdən 7304 nəfəri geri qayıtmamışdır. Həmin dövrdə igidliklər göstərən Şirvan vətəndaşları orden və medallarla təltif olunmuş, 1 nəfər şəhər sakini isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qarabağ uğrunda gedən azadlıq savaşında isə şəhər gənclərindən 131 nəfər şəhid olmuşdur ki, onlardan 3 nəfəri ölümdən sora Milli Qəhrəman adına layiq görülmüşdür.

 

 

Keçidlər