Şəhər haqqında
Coğrafi mövqeyi
Şirvan şəhəri Bakı şəhərindən cənub qərbdə, əsasən Şirvan düzündə, Kür çayının şərq sahilində yerləşir. Respublikanın cənub, cənub-qərb və şimal bölgələrini birləşdirən avtomobil və dəmir yolu, Kür çayı vasitəsilə su yolu Şirvan şəhəri ərazisindən keçir. Şəhər Sabirabad, Salyan, Hacıqabul rayonları ilə həmsərhəddir. Dəniz səviyyəsindən 7 metr yüksəklikdə yerləşir. Faydalı qazıntılardan neft və qaz yataqları ilə zəngindir. Yarımsəhra düzənliklərdə əsasən yovşan, yulğun və digər ağaclar bitir.
Şəhərin iqlimi quru olmaqla, mülayim qışı, isti yayı ilə fərqlənir. Torpağı şoran olmaqla, yeraltı suları nisbətən dayaz və duzludur. Respublikanın başqa bölgələrinə nisbətən Şirvan şəhərinin bitki və heyvanlar aləmi zəngin deyildir. Yarımsəhra düzənliklərində əsasən yovşan, Kür çayının sahillərində isə toğay meşələrində söyüd, yulğun və digər ağaclar bitir. Hazırda şəhər rəhbərliyin və sakinlərin zəhməti bahasına yaşıllığa qərq olmaqla, şəhəri iki yerə bölən Kür çayı insanların istirahət yerinə çevrilib, onun ətrafındakı meşələr isə gözəl təbiət guşəsidir.
1960-cı illərdə yeni yaşayış massivi «təzə şəhər»də yaşayış, sosial obyektlərin tikintisinin aparılması, geniş prospekt və küçələrin salınması, yaşıllaşdırma işləri, istifadəsiz torpaq sahələrində böyük bir istirahət parkının salınması şəhərin görkəminin kökündən dəyişməsinə səbəb olmuşdur.