Şəhər haqqında
Təhsil
Şirvan şəhər Təhsil Şöbəsi
Təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən yerli icra hakimiyyəti orqanıdır. Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əmr və təlimatlarını, habelə Təhsil Şöbəsinin Əsasnaməsini rəhbər tutur.
Tərkibi: 16 ümumtəhsil məktəbi, Uşaq Gənclər İnkişaf Mərkəzi
Ünvanı: İstiqlaliyyət prospekti 10
Tel: 021-215-02-91
Faks: 021-215-03-68
E-mail: shirvan@edu.gov.az
Şirvan şəhərinin təhsil tarixindən
Şirvan şəhərində ilk məktəb Kür sahilində 1920-1921-ci dərs ilində ibtidai məktəb kimi açılmış, natamam 1 nömrəli məktəb isə 1926-cı ildə tikilmişdir. 1957-ci ilə kimi Şirvan şəhərinin özündə cəmi 1 məktəb fəaliyyət göstərmişdir. Lakin rayon kimi 1942-1943-cü dərs ilində 4 məktəb var idi. Onlardan biri şəhərin özündə, digərləri indiki Salyan rayonunun Yuxarı Xalac, Sabirabad rayonunun Muğangəncəli və Şəhriyar kəndlərində yerləşirdi. Həmin dərs ilində rayonun bütün məktəblərində cəmi 3 ali təhsilli müəllimi vardı. Onlardan Yaqub Məhərrəmov və Niyaz Həşimov ədəbiyyat, Baloğlan Ələsgərov isə tarix müəllimi idi.
Sonra 1952-ci ildə 3 nömrəli 8 illik məktəb kimi fəaliyyətə başlamış, 1976-cı ildə orta məktəbə çevrilmişdir. Şəhər 4 nömrəli 1950-ci ildə ibtidai, 1951-ci ildə 7 illik olmuşdur. 1958-ci ildə 2 nömrəli məktəb tikilmişdir. 1960-cı illərin əvvəlində respublikada internat məktəbləri fəaliyyətə başladıqda artıq 1961-ci ilin sentyabr ayında şəhərdə bir internat məktəbi tikilib istifadəyə verilmişdir.
Ümumiyyətlə rayonda neft istehsalının və yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda da 1963-cü ildə Əli Bayramlı rayonunun ləğv edilərək respublika tabeçiliyində şəhər statusu alması təhsilin inkişafına böyük təkan vermişdir. Belə ki, 1963-cü ildə 9 nömrəli, 1965-ci ildə 10 nömrəli, 1967-ci ildə 14 nömrəli, 1974-cü ildə 16 nömrəli, 1978-ci ildə 13 nömrəli, 1981-ci ildə 18 nömrəli, 1984-cü ildə 11 nömrəli, 1987-ci ildə 20 nömrəli məktəblər tikilib istifadəyə verilmişdir. Bundan əlavə 60-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun(indiki ADNSU) Şirvan şəhərində hazırlıq şöbəsi də fəaliyyət göstərmişdir. Şəhər təhsil şöbəsində və ümumtəhsil məktəblərində uzun zaman gərgin əmək sərf edərək böyük hörmət qazanmış müəllimlərdən Yaqub Məhərrəmov, Gülbala Əliyev( 2 nömrəli məktəbin ilk direktoru), Sona Babayeva(Təhsil şöbəsinin müdiri), Sara Fərzəliyeva respublikanın “Əməkdar müəllim” fəxri adına, Gülverdi Babayev isə SSRİ Maarif əlaçısı döş nişanına layiq görülmüşlər. Müstəqillik əldə etdikdən sonra şəhərdə 1992-ci ildə 12 nömrəli, 2003-cü ildən başlayaraq isə 4 yeni məktəb binası tikilmiş, iki əlavə korpus inşa edilmişdir.
Təhsilimiz bu gün
Hazırda 14 tam orta, 1 ümumi orta və 1 ibtidai olmaqla 16 ümumtəhsil məktəbi, 1 məktəbdənkənar tədris müəssisəsi(UGİM) fəaliyyət göstərir. 2019-2020-ci dərs ilinin əvvəlinə şəhər ümumtəhsil məktəblərində fəaliyyət göstərən 608 sinif komplektinə 13656 şagidin təhsilə cəlb edilmişdir. Onların təlim-tərbiyəsi ilə 1000 nəfərə yaxın pedaqoji işçi məşğul olacaqdır. 2016-2017-ci dərs ilindən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları yaradılmış və bu məşğələlərə ilkin olaraq 5 yaşlıların 55%, 2019-2020-ci dərs ilindən isə 93% cəlb edilmişdir. Bu da 1047 uşaq deməkdir. Növbəti dərs ilindən bu rəqəm 100%-dək artırılacaqdır.
Şirvan şəhərinin təhsil işçilərindən 12 nəfəri “Əməkdar müəllim”, 3 nəfər “Əməkdar idman xadimi və bədən tərbiyəsi işçisi” fəxri adına layiq görülmüş, 10 nəfəri “Tərəqqi” medalı ilə təltif edilmişlər. 2019-cu ildə “5 oktyabr Beynəlxalq Müəllimlər Günü” münasibətilə ölkə başçısı cənab İlham Əıiyevin sərəncamı ilə şəhər 13 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Əsmər Hacıyeva “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, şəhər 16 nömrəli tam orta məktəbin biologiya müəllimi Mənəfova Rəqibə “Tərəqqi” medalı, şəhər 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva “AXC-nin 100 illiyi” yubiley medalı ilə, Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, şəhər 18 nömrəli tam orta məktəbin direktoru İsmayıl Yusubov Fəxri Fərmanla təltif olunmuşlar.
Ümumiyyətlə son on il ərzində şəhərinin 10 məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi”, 5 nəfər müəllimi “Ən yaxşı müəllim”, 2 nəfər müəllim isə “Pedaqoji mühazirələr” müsabiqəsinin qalibi olmuşdur. 2019-2020-ci tədris ilində şəhər ümumtəhsil məktəblərinin 9-cu siniflərini 991 nəfər bitirmiş, onlardan 11 nəfəri fərqlənmə attestatı almışdır. 11-ci siniflər üzrə 566 nəfər məzun olmuş, onlardan 12 nəfəri fərqlənmə attestatı almışdır. Şəhər 21 nömrəli tam orta məktəbin məzunu Türkan İsmayılzadə qızıl medala layiq görülmüşdür. 2020-2021-ci dərs ili üçün keçirilmiş qəbul imtahanlarına 401 nəfər sənəd vermiş onlardan 273 nəfəri tələbə adını qazanmışdır, bu da sənəd verənlərin 68% təşkil edir. Ötən ilin məzunlarından 14 nəfər respublikanın ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Məzunlardan 18 nəfəri 600-dən, 43 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Şəhər 16 nömrəli tam orta məktəbin məzunu Əlizadə Səkinə Azad qızı 676 bal toplayaraq şəhər üzrə ən yüksək nəticə göstərmişdir. Orta ixtisas təhsili müəssisələrinə 38 nəfər, xarici ölkələrin ali məktəblərinə isə 10 məzun qəbul olunmuşdur.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci
Əli Bayramlı Pedaqoji Texnikumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyun 1999-cu il tarixli 108 saylı qərarına və Respublika Təhsil Nazirliyinin 9 iyul 1999-cu il tarixli 554 saylı əmrinə əsasən Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun 1991-1999-cu illər ərzində fəaliyyət göstərən Əli Bayramlı filialı əsasında yaradılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.03.2006-cı il 66 saylı qərarı, Təhsil Nazirliyinin 10.04.2006-cı il tarixli 45 saylı əmri ilə Əli Bayramlı Pedaqoji Texnikumu Əli Bayramlı Dövlət İqtisadiyyat və Humanitar Kolleci adlandırılmışdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.05.2008-ci il 46 saylı əmri ilə Əli Bayramlı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Şirvan Dövlət iqtisadiyyat və Humanitar Kolleci adlandırılmışdır.
Kollecdə əyani şöbədə 10 ixtisas üzrə 1161, qiyabi şöbədə isə 2 ixtisas üzrə 54 nəfər mütəxəssis hazırlığı aparılır.
Ünvan: Məmməd Əmin Rəsulzadə küçəsi 4
Tel: 215-31-81
Faks: 215-31-81
E-mail: sirvankolleci@mail.ru
Şirvan Dövlət Peşə Liseyi
Şirvan Peşə Liseyi 1979-cu ildə 152 saylı orta texniki peşə məktəbi kimi fəaliyyətə başlayıb və şəhərdə fəaliyyət göstərən Cihazlar zavodu baza müəssisəsi kimi seçilib. 1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 152 saylı OTPM və 28 saylı OTPM-in bazaları əsasında Əli Bayramlı Peşə Liseyi yaradılmışdır. Lisey hazırda Şirvan şəhəri, Hacıqabul, Sabirabad və Salyan rayonları üçün ixtisaslı kadrların hazırlanmasıdır. Peşə Liseyi şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində iki mərtəbəli, dörd korpusdan ibarət olan binada uyğunlaşdırılmış şəkildə fəaliyyət göstərməkdədir.
Liseydə “Dərzi”, “Əməliyyatçı mühasib”, “Geniş profilli dəzgahçı”, “Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru”, “Elektrik qaz qaynaqçısı”, “Radioteleviziya aparatlarının təmiri və xidməti rediomexaniki”, “Kompüter operatoru”, “Neft və qazçıxarma operatoru”, “Kompüter ustası” ixtisasları üzrə dövlət hesabına və ödənişli əsaslarla kadrlar hazırlanır. Liseydə 423 nəfər şagirdin təlim-tərbiyəsi ilə 55 nəfər müəllim və 22 istehsalat təlimi ustası məşğul olur. Lisey şəhər ərazisində fəaliyyət göstərən dövlət müəssisələri ilə əməkdaşlıq edərək şagirdlərinin həmin müəssisələrdə təcrübə keçməsini təmin edir.
2020-ci ildə Şirvan Peşə Liseyini dövlət hesabına 166 nəfər, ödənişli əsaslarla isə 122 nəfər biitirmişdir.
Ünvan: Məmməd Əmin Rəsulzadə 21
Tel: 215-06-66
E-mail: elshad-77@mail.ru
Məktəbəqədər təhsil müəssisələri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli 1941 nömrəli Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə Sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2012-ci il tarixli 53 nömrəli “Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Qərarı ilə körpələr evi-uşaq bağçalarının fəaliyyətlərinin müasir tələblər səviyyəsində qurulmasını və inkişaf etdirilməsini təmin etmək məqsədi ilə şəhər Təhsil Şöbəsinin tabeliyində olan 5 körpələr evi-uşaq bağçası-1 nömrəli “Qızılgül” körpələr evi-uşaq bağçası, 2 nömrəli “Nərgiz” körpələr evi-uşaq bağçası, 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçası, 5 nömrəli “Bənövşə” körpələr evi-uşaq bağçası və 6 nömrəli körpələr evi-uşaq bağçası şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdir.
Ölkə prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının icrası nəticəsində Şirvan şəhəri ərazisində yeni körpələr evi-uşaq bağçalarının tikintisi, mövcud məktəbəqədər təhsil müəssisələrinin binalarının əsaslı şəkildə təmir olunması və müasir standartlara cavab verən səviyyəyə gətirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bu isə körpə və uşaqların sağlam mühitdə böyüməsinə, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə almasına çox böyük köməklik göstərməkdədir.
Hazırda şəhər ərazisində 1-i özəl olmaqla 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan 6 körpələr evi-uşaq bağçasında(1 nömrəli “Qızılgül” körpələr evi-uşaq bağçası, 2 nömrəli “Nərgiz” körpələr evi-uşaq bağçası, 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçası, 4 nömrəli “Qərənfil” körpələr evi-uşaq bağçası, 5 nömrəli “Bənövşə” körpələr evi-uşaq bağçası və 6 nömrəli körpələr evi-uşaq bağçası) ümumilikdə 620 körpə və uşaq təlim-tərbiyə almaqdadır.
Son illər ərzində şəhərin körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. 2012-ci ildə 1 nömrəli körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmış, 2013-cü və 2016-cı illərdə 150 uşaq yerlik 5 nömrəli körpələr evi-uşaq bağçasının I korpusu əsaslı şəkildə təmir olunmuşdur. 2010-cu ildə Kür çayında suyun səviyyəsinin artması nəticəsində inzibati binası istismara yararsız vəziyyətə düşmüş şəhərin Bayramlı qəsəbəsində yerləşən 6 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmir və bərpa-gücləndirmə işlərindən sonra 2016-cı ildə yenidən istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə M.Ə.Rəsulzadə prospektində yerləşən müasir memarlıq üslubunda olan, ikimərtəbəli 100 yerlik körpələr evi-uşaq bağçasında tikinti işləri 2015-ci ildə tam olaraq başa çatdırılmış və körpələr evi-uşaq bağçası 2017-ci ilin sentyabr ayından etibarən tam gücü ilə fəaliyyət göstərməyə başlamışdır.