Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

Şirvan şəhərinin mədəniyyət
müəssisələri

Şirvan şəhərinin mədəniyyət müəssisələrinə 01 noyabr 2016-cı il tarixədək Şirvan şəhər Mədəniyyət və Turizm şöbəsi rəhbərlik etmişdir.
    Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2014-cü il tarixli, 273 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na uyğun olaraq mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sistemi formalaşdırmaq və Azərbaycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında”  29 mart 2016-cı il tarixli, 1932 nömrəli sərəncam imzalamışdır. Sərəncama əsasən 01 noyabr 2016-cı il tarixdə Şirvan şəhər Mədəniyyət və Turizm şöbəsi ləğv olunmuşdur. Həmin tarixdən 01 yanvar 2017-ci il tarixədək Şirvan şəhərinin mədəniyyət müəssisələrinə ləğvetmə komissiyası rəhbərlik etmişdir. 01 yanvar 2017-ci il tarixdən Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi fəaliyyətə başlamışdır. Hazırda Şirvan şəhərinin mədəniyyət müəssisələri həmin idarənin tabeçiliyində fəaliyyət göstərirlər.
    Şirvan şəhərində Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində aşağıdakı mədəniyyət müəssisələri fəaliyyət göstərir.

Şirvan şəhər Heydər Əliyev Mərkəzi
    Şirvan şəhərində Heydər Əliyev Muzeyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 28 noyabr 2005-ci il tarixli 469 nomrəli əmrinə əsasən fəaliyyətə başlayıb. Muzeyin yeni inzibati binasının müasir orijinal layihə əsasında inşasına 2008-ci ildə başlanılmış, açılışı 2010-cu il aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şirvan şəhərinə tarixi səfəri günündə olmuşdur.
    2012-ci ildən Heydər Əliyev Muzeyi Heydər Əliyev Mərkəzi kimi fəaliyyətini davam etdirmişdir. Şirvan şəhər Heydər Əliyev Mərkəzi 1 mərtəbədən və 5 otaqdan ibarətdir. Ümumi sahəsi 450 m2, ekspozisiya sahəsi 365 m2-dır.  Mərkəzdə ümumilli liderin həyat və fəaliyyətini əks etdirən 1084 eksponat əsas fonda keçirilmiş, bunların müəyyən bir qismi-fotoşəkillər, portretlər, rəsm əsərləri, ulu öndər haqqında yazılmış çoxcildli kitablar, sənədlər və s. müvafiq eksponatlar beş guşə üzrə xronoloji ardıcıllıqla nümayiş olunur. Bu eksponatlar təkcə Heydər Əliyev həyatı və fəaliyyəti ilə bağlı deyil, tariximizin bütöv bir dövrünü əhatə edir və Azərbaycanın müasir inkişafı haqqında dolğun və müfəssəl məlumat verir.
    Mərkəzə daxil olan tamaşaçılar ilk olaraq ulu öndər Heydər Əliyevin qranitdən qoyulmuş büstünü ziyarət edir. Sonra Mərkəzin foyesinə xüsusi gözəllik verən ümummilli liderin və xanımı akademik Zərifə xanım Əliyevanın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, onun xanımı Mehriban Əliyevanın tunc heykəlləri ilə tanış olurlar. Mərkəzə gələn hər bir kəs üçün( istər fərdi, istərsə də qrup şəklində olsun) ekskursiya təşkil olunur.
    Mərkəzin nəzdində 15 nəfərlik üzvü olan "Tədqiqat qrupu", "Gənc Heydərçilər" dərnəyi, “Heydər Əliyev məktəbi”, "Toxuculuq" kursu, "Heydərsevərlər" klubu fəaliyyət göstərir. (ödənişsiz)
    Mərkəz həftənin bütün günləri saat 10:00-dan 18:00-a qədər fəaliyyət göstərir.

Şirvan şəhər Mədəniyyət Mərkəzi
     Şirvan şəhər Mədəniyyət Mərkəzi  xüsusi layihə əsasında tikilmiş və 14 iyul 1959-cu il tarixdə istifadəyə verilmiş  üç mərtəbəli binada yerləşir. Mədəniyyət Mərkəzinin binası 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir. Əslində bina, tamamilə, yenidən qurulmuş və bərpa olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Xüsusi layihə əsasında tikilmiş bina üç mərtəbəlidir. 2010-cu ildə bina əsaslı şəkildə təmir olunmuş, yenidən qurularaq bərpa olunmuşdur. Binanın ümumi sahəsi 1200 m2-dir. Tamaşa zalında oturacaq yerlərinin sayı(lojalarla birlikdə) 270-dir. Mərkəzdə 13 dərnək otağı və 4 inzibati otaq da vardır.
    Şirvan Mədəniyyət Mərkəzi əvvəllər mövcud olmuş Mərkəzi Mədəniyyət evinin bazası əsasında 2015-ci ildə yaradılmışdır. Bunu şəhərdə fəaliyyət göstərən klub müəssisələrinin mərkəzləşdirilmiş müəssisəsi də adlandırmaq olar. Belə ki, həmin vaxt mövcud olmuş 12 klub müəssisəsi birləşdirilərək vahid bir mədəniyyət müəssisəsinə çevrilmişdir. Nəticədə, keçmiş Mərkəzi Mədəniyyət evi Mədəniyyət Mərkəzi, keçmiş “Şirvan” Mədəniyyət evi və 10 klub isə Mədəniyyət Mərkəzinin filialları olmuşlar. Hazırda Mədəniyyət Mərkəzinin 9 filialı vardır. Mədəniyyət Mərkəzində (filiallarla birlikdə) çalışan  işçilərin ümumi sayı  47 nəfərdir. Onlardan   33 nəfəri mədəniyyət işçisi,  14   nəfəri texniki işçidir.
    Azərbaycanın qeyri-maddi mədəni irsinin, qorunması, xalq yaradıcılığının dəstəklənməsi və təbliği Şirvan şəhər Mədəniyyət Mərkəzinin yerinə yetirdiyi əsas funksiyalardan biridir.
Mədəniyyət Mərkəzi və onun filiallarında 36 qeyri-maddi mədəni irs kollektivi vardır. Bu kollektivlərdən 22-si diyarşünaslığa, 12-si folklora, 2-si sənətkarlığa aiddir. Klub müəssisələrində 7 bədii özfəaliyyət kollektivi, o cümlədən Mədəniyyət Mərkəzində “Səma” instrumental ansamblı, Folklor evində “Şirvan” instrumental ansamblı, rəqs kollektivi, “Şirvan” klubunda “Arzu” instrumental ansamblı, “Dədə Qorqud” klubunda instrumental ansambl, Diyarşünaslıq klubunda ansambl və xor kollektivi vardır. Bundan əlavə, Mədəniyyət Mərkəzində  musiqi kursları, Bayramlı qəsəbə klubunda əl işləri, rəsm, fortepiano dərnəkləri, “Diyarşünaslıq” klubunda poeziya klubu, “Qarabağ” klubunda bədii qiraət dərnəyi, “Aran” klubunda kulinariya dərnəyi, “Energetik” klubunda  rəsm dərnəyi, Folklor evində pianino və saz dərnəkləri fəaliyyət göstərir.

 

Mərkəzləşdirilmiş Kitabxana Sistemi(MKS).
       
1979-cu ildə müstəqil fəaliyyət göstərən kitabxanaların bazası əsasında yaradılmışdır. Mərkəzləşdirilmiş kitabxana sisteminə şəhər mərkəzi kitabxanası və onun 5 filialı daxildir. MKS-nin oxuculara xidmət, metodika və biblioqrafiya, kitabiləşmə və komplektləşdirmə, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, informasiya-resurs və uşaq şöbələri vardır.
       Mərkəzləşdirilmiş kitabxana sisteminin fondlarında 152,903 nüsxə, o cümlədən  46503 nüsxə latın qrafikalı ədəbiyyat vardır. Hazırda kitabxana xidmətindən  istifadə edən oxucuların sayı 17360 nəfərdir. 2020-ci ildə kitab verilişi 21024 nüsxə olmuşdur. Kitabxanada elektron kataloq, veb-sayt, pulsuz Wi-Fi zonası yaradılmış və oxucuların istifadəsinə  verilmişdir. Kiçik yaşlı uşaqlara səmərəli xidmət göstərilməsi məqsədilə “Nağıl otağı” yaradılmışdır. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 kitabxana filialı telefon, 2 kitabxana filialı isə internet xətti ilə təchiz edilmişdir.

Şirvan şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filialları haqqında məlumat

Kitabxananın  adı Kitabxananın yaranma tarixi
Mərkəzi Kitabxana 1954-cü il
1 №-li şəhər kitabxana filialı 1958-ci il
3  №-li şəhər kitabxana filialı 1972-ci il
4  №-li şəhər kitabxana filialı 1965-ci il
Bayramlı qəsəbə kitabxana filialı 1972-ci il
Hacıqəhramanlı qəsəbə  kitabxana filialı 1972-ci il

Uşaq Musiqi Məktəbi
      
  Şirvan  şəhər  Uşaq  Musiqi  Məktəbi 1961-ci ildən fəaliyyət  göstərir. Musiqi məktəbi  uşaq, yeniyetmə və gənclərin bədii-estetik zövqünü formalaşdıran, mədəniyyət və incəsənət sahəsində təhsil verən dövlət müəssisəsidir. Məktəbdə fortepiano, xalq çalğı alətləri, nəzəri fənlər üzrə 3  şöbə  var. Məktəbdə fortepiano, violin, tar, kamança, klarnet, qarmon, xanəndəlik və nağara  alətləri  üzrə  8 ixtisas tədris edilir. Şirvan şəhər Uşaq Musiqi məktəbində şagirdlərin təlim-tərbiyəsi ilə ali və orta ixtisas təhsilli  88 əsas müəllim heyəti məşğul olur. Onların əksəriyyəti ilk musiqi təhsilini bu məktəbə almışdır. Musiqi təhsili alan şagirdlərin sayı 420 nəfərə yaxındır. Uşaq Musiqi Məktəbində bir sıra musiqi kollektivləri, o cümlədən uşaq xoru, uşaq orkestri, xalq çalğı alətləri ansamblı, vokal qrupu, muğam üçlükləri, violin ifaçıları ansamblı, ritm qrupu,müəllimlərdən ibarət ansambl və s. fəaliyyət göstərir. Şagirdlər bu kollektivlərdə ifaçılıq vərdişlərini əməli olaraq möhkəmləndirirlər.
      Uşaq Musiqi məktəbinin şagirdləri respublika müsabiqə və festivallarında uğurla çıxış edirlər. Onlar dəfələrlə müsabiqə, festivalların  laureatı və diplomantı kimi fəxri adlarla  layiq görülmüşlər. 1961-ci ildən  2020-ci ilədək məktəbi 4726 şagird bitirmişdir. Məktəbin  530-dan çox  məzunu indiyədək respublika və xarici ölkələrin orta ixtisas və ali təhsil müəsisələrini bitirmişlər. Onlar respublikanın müxtəlif şəhər və rayonlarında eləcədə xarici ölkələrdə işləyib Azərbaycan klassik və xalq musiqisini uşaq, yeniyetmə və gənclərə tədris edirlər.

Tarix-Diyarşünaslıq Muzeyi 
       
Tarix-diyarşünaslıq Muzeyi şəhər ərazisində 22 aprel 1980-cı ildən fəaliyyət göstərir. Ulu Öndər Heydər Əliyevin ötən əsrin  70-ci illərdə muzeylər haqqında verdiyi xüsusi qərara əsasən Tarix-diyarşünaslıq Muzeyi 1980-cı ildən  2004-cü ilin oktyabr ayınadək Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında fəaliyyət göstərmişdir. 2004-cü ilin oktyabr ayında muzey 6 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinə köçürülməklə uyğunlaşdırılmış şəraitdə fəaliyyət göstərməkdədir.
        Muzey ərazinin tarixinə dair  eksponatların toplanması, qorunması, diyarşünaslıq biliklərinin elmi tədqiqi və təbliği ilə məşğul olmaqdadır. Fəaliyyət göstərdiyi müddətdə muzeydə çox zəngin eksponat fondu yaradılmışdır. Bugün muzeyin əsas fondunda 11734 eksponat qorunub saxlanılır. Əsas fondun bölmələri Arxeologiya, Numizmatika, Məişət-etnoqrafiya,  Fotoşəkillər, Sənədlər, Qəzetlər, Çap məmulatı, Əlyazmalar; Videomateriallar və digər eksponatlardır
        Muzeyin ekspozisiyası dörd böyük zalda yerləşdirilib. Muzeydə ən qədim eksponatlafrı eramızdan əvvəl I minilliyin ortalarına aid gil küpə və 1960-cı ildə  keçmiş Əli Bayramlı rayonunun ərazisində aşkar edilmiş mis sikkələrdən ibarət dəfinədir. Numizmatik materiallar indiki Şirvan şəhərinin  Azərbaycan Atabəylər dövlətinin(1136- 1225) tərkibində  olmasını təsdiq edir.

 

Şirvan Dövlət Rəsm Qalereyası
      
Şirvan Dövlət Rəsm Qalereyası Nazirlər Kabinetinin qərarı ilə 1990-cı ildə yaradılmışdır. 2017-ci ildə Qalereya  Məmməd Əmin Rəsulzadə küçəsi 12 ünvanında yerləşən binanın 1-ci mərtəbəsinə əsaslı təmirdən sonra köçürülmüşdür. Qalereya yarandığı gündən şəhər əhalisinin estetik zövqünün zənginləşməsi və mədəni istirahətinin təminatına xidmət edir.
       Qalereya təsviri incəsənət əsərlərinin təbliği  və bacarıqlı  uşaq, yeniyetmə və gənclərin istedadının üzə çıxarılması ilə məşğul olur. Bu məqsədlə qalereyada və ondan kənarda vaxtaşırı olaraq sərgilər təşkil edilir, təsviri incəsənətə dair mühazirələr oxunur, ustad dərsləri keçirilir. Əlamətdar tarixi hadisələr, bayram günləri, Azərbaycan tanınmış incəsənət xadimlərinin yubileyləri münasibətilə qalereyada təşkil olunan sərgilərdə  şəhərin müxtəlif idarə  və müəssisələrinin əməkdaşları ilə yanaşı, sənətsevərlər və şəhər sakinləri də yaxından iştirak edir. Ustad dərslərində şagirdlər akademik rəsm işləmə bacarıqlarına yiyələnirlər.
     Qalereyada həvəskarların daha yaxşı rəsm vərdişlərinə yiyələnməsi üçün rəsm dərnəyi  fəaliyyət göstərir. Rəsm dərnəyin üzvləri şəhərimizdə və ümumrespublikada keçirilən sərgi və müsabiqələrdə  geniş tərkibdə iştirak edir, müxtəlif  nəaliyyətlər əldə edir, diplom və hədiyyələr qazanırlar.
       Qalereyanın əsas fondunda 60  ədəd tanınmış Azərbaycan rəssamlarının  əsərləri vardır. Bu əsərlər fond üçün ayrılmış xüsusi otaqda  mühafizə olunur. Bundan əlavə,  Qalereyada uşaq, yeniyetmə və gənclər tərəfindən çəkilmiş çoxlu sayda rəsm əsərləri toplanmışdır.       Qalereyanın əməkdaşları Bakı şəhərində və respublikamızın müxtəlif bölgələrində keçirilən festivallarda maraqlı rəsm əsərləri və dekorativ tətbiqi sənət nümunələri ilə şəhərimizi uğurla təmsil edirlər.

  Daşınmaz tarix və mədəniyyət abidələri

 Şirvan şəhərinin ərazisində dövlət mühafizəsinə götürülmüş 5 daşınmaz tarix və mədəniyyət abidəsi  vardır. Bunlar aşağıdakılardır:
1. Nekropol; 2. Kür sahilindəki bağ; 3. Yaşayış evi; 4. Təsərrüfat binası; 5. Məscid. Bunlardan ilk ikisi ölkə əhəmiyyətli, digər üçü yerli əhəmiyyətli abidələr sırasına daxil edilmişdir.

Keçidlər